Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Dissertasiya Şurasının ilk iclası keçirildi
Yerləşdirilmə tarixi : 05 Yanvar 2018 16:38
Universitetdə Dissertasiya Şurasının ilk iclası keçirildi

Yanvarın 5-də  Sumqayıt Dövlət Universitetində Dissertasiya Şurasının ilk iclası keçirildi. Rektor  professor Elxan Hüseynov Müdafiə Şurasının ilk  iclasını açaraq Şura üzvlərini təbrik etdi və   Sumqayıt Dövlət Universitetinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, ölkəmizdə sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafın nəticəsi olaraq elmin, təhsilin bütün sahələrində bir sıra mütərəqqi dəyişikliklər baş vermişdir. SDU-nun formalaşmasını və fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək məqsədilə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı tarixi fərman universitetimizdə yüksək ixtisaslı kadrların hazırlanmasına öz mühüm töhfəsini vermişdir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün strateji sahələrində olduğu kimi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarmışdır.
Rektor onu da vurğuladı ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 15 dekabr 2017-ci il tarixli (protokol №21-R) qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün FD.02.193 Dissertasiya Şurası yaradılmışdır. Ölkəmizdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar Dövlət Proqramının müvəffəqiyyətli və məqsədyönlü  yerinə yetirilməsini təmin etmək üçün  universitetimizdə 41 ixtisas üzrə bakalavr, 30 ixtisas və 51 ixtisaslaşma üzrə isə magistr hazırlığı yerinə yetirilir. Eyni zamanda 19 ixtisas üzrə fəlsəfə doktoru, 7 ixtisas üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün mütəxəssis hazırlığı həyata keçirilir. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Sumqayıt Dövlət Universitetində aşağıdakı ixtisaslar üzrə Dissertasiya Şuraları yaradılmışdır:3337.01 – “İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” (texnika). 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” (kimya). Qeyd olunan ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinin müdafiəsinin keçirilməsi təmin olunacaq. İnanırıq ki,  gələcəkdə digər ixtisaslar üzrə də dissertasiya şuralarının yaradılmasına nail olacağıq.  Bu münasibətlə bütün kollektivimizi təbrik edir,  bizə göstərilən etimada görə Prezident cənab İlham Əliyevə təşəkkür edirik.
Dissertasiya Şurasının sədri professor Əkbər Ağayev şura üzvləri adından  rektor  professor Elxan Hüseynova SDU-da Dissertasiya Şurasını yaradılmasında göstərdiyi xüsusi zəhmətinə və Şuranın ilk iclasında iştirakına görə təşəkkürünü  bildirdi. Qeyd etdi ki, SDU  qabaqcıl ali təhsil müəssisələri arasında öncül sıralarda yer almışdır və  bu gün  Dissertasiya  Şurasının  yaradılması gələcəkdə ölkəmizdə  kadr potensialının inkişafına böyük töhfə verəcəkdir.  
Dissertasiya Şurasının Elmi katibi dosent Musa Mustafayev  Ali Attestasiya Komissiyasının 26 dekabr 2017-ci il tarixli 388 saylı əmri ilə Dissertasiya Şurasının  üzvlərini tanış etdi. Qeyd etdi ki, şuranın tərkibi 13 nəfərdən ibarət təsdiq edilmiş,  Azərbaycan Respublikasının əməkdar müəllimi, kimya üzrə elmlər doktoru, professor Əkbər Ağayev Dissertasiya Şurasının sədri,  texnika üzrə elmlər doktoru Aqil  Hüseynov sədr müavini, kimya üzrə fəlsəfə doktoru dosent Musa Mustafayev  Elmi katib təyin edilmişdir. 
İclas Dissertasiya Şurasının təşkilatı məsələlərinin müzakirəsi ilə davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az