Sumqayıt Dövlət Universitetinin (SDU) Böyük Elmi Şurasının qərarı ilə universitetin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı və onun 7 nəfərdən ibarət tərkibi formalaşdı. “Sağlam Düşüncə” gənclər təşkilatının həmtəsisçisi Ramiz Əliyev sədr, AZƏRTAC-ın müxbiri Ətrabə Rzayeva sədr müavini seçildilər.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov yeni yaradılmış qurumun üzvləri ilə görüşdü. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan rektor qonaqlara SDU-nun 55 ildə keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlıqdan bəhs etdi. Bildirdi ki, yaxın zamanda Sumqayıt Dövlət Universitetinin inşa ediləcək iki yeni tədris binalarının təməlqoyma mərasimi keçiriləcək. Bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bu sahədə qazanılan nailiyyətlər Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Rektor həmçinin universitetdə imtahanların təşkili barədə məlumat verdi. Qeyd etdi ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sonra universitetdə tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparıldı.
Görüş zamanı rektor yeni yaradılmış Şuranın məqsədləri haqqında məlumat verərək onu da söylədi ki, istənilən ali məktəbdə gedən proseslərin düzgün, şəffaf və ədalətli həllində ictimaiyyətin böyük rolu var.
Çıxış edən İctimai Şura üzvləri qurumun əsas işinin SDU-da gedən proseslərin, görülən işlərin fayda və səmərəsini ortaya çıxarmaq olduğunu bildirərək təhsilimizə böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyətinə uğurlar dilədilər.
Sonra İctimai Nəzarət və Məsləhət Şurası üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirildi.
Mətbuat xidməti