Yanvarın 18-də Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28 –ci ildönümünə həsr olunmuş dəyirmi - masa keçirildi.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev çıxış edərək bildirdi ki, bugünkü tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Nemət İbayev 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik olduğundan və Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəldiyini diqqətə çatdırdı. Həmin faciəyə ilk etiraz səsini ucaldan və dünya ictimaiyyətinə çatdıran Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev hadisə baş verəndən sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilmiş faciəni kəskin şəkildə pisləmiş və bu hadisəni törədənlərin cəzalandırılmasını tələb etmişdir. Sonra o, 20 Yanvar faciəsinin müasir Azərbaycan tarixində xalqın birləşməsində, milli şüurun oyanmasında oynadığı roldan söz açdı və qeyd etdi ki, 20 Yanvar faciəsinin bütün dünyaya tanıdılmasında biz gənclərin üzərinə də böyük məsuliyyət düşür.
Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Sarvan Bədəlov qeyd etdi ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M. Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Tələbə YAP Gənclər Birliyinin sədri Umud Cavid, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Fəqan Səfərəliyev, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Məhəbbət Hüseynov çıxışlarında vurğuladılar ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.Çıxış edənlər azadlığımız uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı dilə gətirdilər.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş olundu.
Sonra tədbir iştirakçıları Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanı kompleksini ziyarət etdilər, şəhidlərimizin məzarı önünə qərənfillər düzdülər.
Mətbuat xidməti