Fevralın 2-də Sumqayıt Dövlət Universitetində “Mövlanə” Mübadilə Proqramının professor-müəllim heyəti üçün təqdimatı keçirildi.
Təqdimatda açılış nitqi ilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək türkdilli ölkələrin universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mövlanə” Mübadilə Proqramı”nın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, “Mövlanə” Mübadilə Proqramı Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Burada əsas məqsəd yüksəkkeyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsidir. Prorektor onu da qeyd etdi ki, professor-müəllim heyətinin mübadilə proqramlarında iştirakı universitetin kadr potensialının inkişafında ilkin şərtlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri olan “Mövlanə” Mübadilə proqramının reallaşması SDU-nun beynəlxalq elmi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Professor Ramazan Məmmədov onu da diqqətə çatdırdı ki, SDU bu proqrama 2015-ci ildən qoşulmuş, Türkiyənin 8 dövlət universiteti ilə mübadilə protokolu imzalamışdır.
Beynəlxalq Əməkdaşlıq şöbəsinin metodisti Samirə Kərimova “Mövlanə” Mübadilə Proqramı haqqında təqdimatla çıxış edərək proqram haqqında ətraflı məlumat verdi. Təqdimatda mübadilə proqramında iştirak şərtləri, təqaüdlər, sənədlər və Türkiyə universitetləri barədə geniş məlumatlar öz əksini tapdı.
Sonra Proqramda iştirak etmiş Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Kərimli Adnan Menders Universitetində 2 həftəlik mübadilə təcrübəsi haqqında ətraflı məlumatla çıxış etdi.
Çıxışdan sonra Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova beynəlxalq mübadilə proqramları haqqında professor-müəllim heyətini məlumatlandırdı və müəllimləri bu proqramlardan faydalanmağa dəvət etdi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək gələcəkdə bu kimi proqramlara müəllimlərlə yanaşı, tələbələrin də qatılmağını arzuladı. Bildirdi ki, çox istərdik ki, gənclərimiz nəinki ölkəmizi, habelə xarici ölkələri əhatə edən bütün sahələrdə fəal olsunlar.
Tədbir mövzu ilə əlaqədar verilən sualların müzakirəsi ilə davam etdirildi.
Mətbuat xidməti