Fevralın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş idmanın 3 növü ( şahmat, dama, nərd) üzrə yarışın mükafatlandırma mərasimi keçirildi.
Fevralın 7-dən 14-dək davam edən yarışda universitet əməkdaşları ilə yanaşı Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq Prezident cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar verdiyi sərəncamı yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmuş və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Həmçinin milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. AXC ölkəmizin mili dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Rektor onu da vurğuladı ki, universitetimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ölkəmiz müstəqillik qazandıqdan sonra hər bir sahədə olduğu kimi idman sahəsində də böyük uğurlara imza atmışdır. Rektor dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın mötəbər turnirlərdə qazandıqları nailiyyətlər, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən danışdı. Bildirdi ki, idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Artıq dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. İdmançılarımız da bu oyunlarda ən yüksək nəticələr göstərərək Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə layiq görülmüşlər. Təbii ki, bütün bunlar Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Rektor onu da qeyd etdi ki, hazırda respublikamızın bütün bölgələrində idmanla məşğul olmaq üçün hər cür şərait vardır. O cümlədən Sumqayıt Dövlət Unversitetində də tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların idmanla müntəzəm məşğul olması üçün hərtərəfli şərait yaradılıb. İdmançı tələbələrimiz də yüksək diqqət və qayğıdan ruhlanaraq ölkəmizi və universitetimizi layiqincə təmsil edir, çoxlu sayda medallar qazanırlar.
Universitetimizin idman zalında tez-tez universitetlərarası yarışlar - universiadalar, spartakiadalar keçirilir. Tələbələrimizlə yanaşı, professor-müəllim heyəti bu turnirlərdə çox fəal iştirak edirlər. Onlar şahmat, dama, nərd yarışlarında, həmçinin futbol yarışlarında da böyük əzmkarlıq nümayiş etdirirlər. Rektor qalib əməkdaşları təbrik edərək onlara uğurlar arzuladı.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirdi. Qeyd etdi ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu, Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.
Sonra prorektor Ramiz Hüseynov yarışın nəticələrini elan etdi. Şahmat idman növü üzrə Mühəndislik fakültəsinin komandası - I yerə, İqisadiyyat və idarəetmə - II yerə, Riyaziyyat - III yerə, Dama üzrə I yerə - Tarix və coğrafiya, II yerə - Riyaziyyat, III yerə - Sumqayıt Dövlət Texniki Kollecinin komandaları, Nərd üzrə - I yerə İqtisadiyyat və idarəetmə, II yerə - Riyaziyyat, III yerə - Filologiya fakültəsinin komandaları, şəxsi yarışlarda şahmat idman növü üzrə I yerə -Sabir Ələkbərov (Kimya və biologiya fakültəsi), II yerə - Fəxrəddin Əliyev (Riyaziyyat),III yerə- Törə Məmmədova (Filologiya), Dama üzrə I yerə-Könül Abdullayeva (Riyaziyyat), II yerə - Rəhilə Mahmudova (Kimya və biologiya), III yerə -Fəridə Ağayeva (Mühəndislik), Nərd üzrə I yerə Nofəl Əhmədov (Filologiya), II yerə - Ədalət Bağırov (Mühafizə xidmətinin rəisi), III yerə - Məhəmməd Əhmədov (İqisadiyyat və idarəetmə) fakültəsinin əməkdaşları layiq görüldülər.
Bir qrup əməkdaşımız isə respublikamızda keçirilən mötəbər idman yarışlarında universitetimizi uğurla təmsil etdiklərinə görə qiymətli hədiyyələrlə təltif olundular.
Sonda qaliblərə Fəxri Fərman, kubok və qiymətli hədiyyələr təqdim olundu.
Mətbuat xidməti