Fevralın 12-də Heydər  Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin  açılış mərasimi keçirildi.
  Bildiyiniz kimi, "Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da  70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF -  Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Bu müsabiqədə  204 şagird 106 elmi layihə ilə iştirak edirdi. Onlardan 39-u fərdi, 67-si  kollektiv layihə idi. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif  bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri də layihələr təqdim etdilər.
   Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli  Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin  müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi  direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel  korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva və Sumqayıt Dövlət  Universitetinin rektoru Elxan Hüseynov iştirak etdilər. Tədbirdə həmçinin digər  dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri,  qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin  rəhbərləri təmsil olunurdu. 
  Təhsil naziri Mikayıl Cabbarov qeyd  etdi ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin ümummilli  lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil. Dahi  şəxsiyyət Heydər Əliyev Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər  zaman xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə təhsil islahatlarının həyata  keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər  Əliyevin adı ilə bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu  gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,  millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
  Nazir "Sabahın alimləri" IV Respublika müsabiqəsinin  keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və  tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirdi. Təhsil  naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif  problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə  çatdırdı.
  Universitetimizin Fizika və  Elektroenergetika fakültəsinin dosenti Samir Orucovun rəhbərliyi altında bu müsabiqədə  Sumqayıt şəhərinin TETG, TTEL, “Təfəkkür” liseyi, “İstedad” liseyi, 31, 21 və 9  saylı ümumi təhsil müəssisələrinin IX-XI-ci siniflərdə təhsil alan 39 şagird,  19 layihə ilə iştirak edirdi. Müsabiqəyə təqdim olunan bu layihələrdən 6-sı II və  III yerlərə layiq görüldü və onların müəllifləri olan  şagirdlər gümüş və bürünc medallarla təltif  olundular.
  Dosent İslam  Paşayevin rəhbərliyi ilə Təfəkkür liseyinin 10-cu və 11-ci sinif şagirdləri Rəşad  Şahvələdov və Müslüm Nəsiyevin “Səsin difraksiyası qanunundan istifadə etməklə  havadakı çirklənmənin qarşısının alınması”, dos. Əli Mehrəliyevin rəhbərliyi  altında Təfəkkür liseyinin 9-cu sinif şagirdi Mirmərdan Məmmədovun “Köhnəlmiş  şinlərdən alternativ enerjinin alınması”, dos. Vaqif Səttarovun rəhbərliyi ilə İstedad  liseyinin 9-cu sinif şagirdləri Kamran Murtuzov və Rüstəm Dəmirovun “Transformator  vasitəsilə elektrik cərəyanının minimum itkilərlə müəyyən məntəqələrə  çatdırılması”, dos. Hüsniyyə Məmmədovanın rəhbərliyi ilə  TTEL-in 10-cu sinif şagirdləri Leyla Abbasova  və Arzu Səfərovanın “Sinir sistemi pozğunluqları və onun aradan qaldırılması  üçün istifadə olunan dərman bitkilərinin araşdırılması və kimyəvi tərkibinin  öyrənilməsi”, dos. Zakir Fərhadovun rəhbərliyi ilə  TETG-in 11-cu sinif şagirdi Sevinc Qasımovanın  “Elektrik təchizat sistemində reaktiv gücün intellektual tənzimləmə qurğusu” layihələri  ilə üçüncü yeri tutdular.  
  Xumar Axundovanın  rəhbərliyi altında 31 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Rəhilə Hacıyeva  və Fidan Məhərrəmovanın “Bəzi dərman bitkilərinin tərkibində olan efir  yağlarının aktifunqal və antihelmint təsiri” layihəsi ikinci yeri tutaraq gümüş  medalla mükafatlandırıldı.
"Sabahın alimləri" IV Respublika  müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat  təqdim olundu.
Mətbuat xidməti