Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda növbəti məşğələ
Yerləşdirilmə tarixi : 28 Fevral 2018 15:10
SDU-da “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda növbəti məşğələ

Fevralın 28-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda növbəti məşğələ keçirildi.
Rektor professor Elxan Hüseynov qadınların cəmiyyətdə yeri və rolu barədə danışaraq onların universitetin ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açdı. Bildirdi ki, tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Respublikamızda ailə, qadın və uşaq problemlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirən rektor qeyd etdi ki, bu gün təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini xanımlarımız təşkil edir. Artıq cəmiyyətdə elə bir aparıcı sahə yoxdur ki, qadınlarımız orada təmsil olunmasınlar. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır. Ulu öndər Heydər Əliyev kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə onların dövlət idarəçiliyinin müəyyən səviyyələrində təmsil olunmasının təmin edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli Fərmanın və Nazirlər Kabinetinin eyni tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005)" icrası nəticəsində gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Rektor onu da diqqətə çatdırdı ki, bu gün qadınlarımız cəmiyyətin bütün sahələrində yüksək fəallıqları ilə seçilir, seçdikləri sahədə də uğurlar qazanırlar. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci-vitse prezidenti,UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Azərbaycan dövləti və cəmiyyəti belə qadınlarla həmişə fəxr edir.
Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti”, Mühəndislik fakültəsinin I kurs tələbəsi Miralim Bağırov “İlham Əliyev Ulu Öndərin dövlət qadın siyasətinin davamçısıdır”, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova “Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlar üçün parlaq  nümunədir”, Beynəlxalq  əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova 
“Heydər Əliyev fondu dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısı kimi”, baş  hüquqşünas,  dosent Əminə  Həsənova “Azərbaycanda  gender  siyasətinin hüquqi  aspektləri” mövzularında çıxış edərək bildirdilər ki, Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq gündən-günə daha da fəallaşır, Prezident cənab İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətini dəstəkləyərək ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini verirlər. Natiqlər onu da vurğuladılar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr isə qadınlara əsl örnəkdir.
Sonda universitetimizin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri  təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az