Öncə forum iştirakçıları ümummilli lider  Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını  bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak  olanların uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər. 
  Dövlət Himninin səslənməsi ilə start  verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli  Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV  nümayəndələri iştirak ediblər.
  Forumda giriş sözü ilə çıxış edən  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli  Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum  iştirakçılarına təbrik məktubunu oxuyub. Ə.Həsənov çıxışında xaricdə   təhsil alanların əlaqələndirilməsinin və şəbəkə şəklində fəaliyyət göstərməsinin  vacibliyini vurğulayıb. Bu sahədə Rusiyada fəaliyyət göstərən və Heydər Əliyev  Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un  fəaliyyətini nümunə kimi önə çəkən Əli Həsənov bildirib ki, gənclərimiz təhsil  aldıqları ölkənin mədəni həyatına inteqrasiya etməli, vətənimizin mədəniyyət  elçilərinə çevrilməlidirlər. Təhsilini yüksək səviyyədə  davam etdirməklə  bərabər xalqımızın tarixi mədəni dəyərlərini təblığ etmək, münaqişədənkənar  Azərbaycan obrazını yaratmaq hər bir xaricdə təhsil alan gəncin ümdə  vəzifələrindən biridir. 
  Əli  Həsənov onu da vurğuladı ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə  gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş proritet sahələrdən  birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni  həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman  Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir  sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. bütün bunlar gənclərin hərtərəfli  inkişafına imkan yaratdı.
  2003-cü  ildən sonra isə Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm  qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi  Dövlət Proqramı (2005-2009)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə  Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını  nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında  Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması  ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə  stimul verdi.
  Bu  gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır.  Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub  möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal  altındakı torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində  layiqli yerini tutması yolunda görüləsi işlər  hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər  olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları  ali məktəblərdə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan  təbliğatla məşğul olmalıdırlar.       
  Forumda  çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını ümummilli  lider Heydər Əliyevin müəyyənləşdirdiyi  ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam  etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu  inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi  potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu müsbət  nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək  intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr  həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət  Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin  edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin  artırılmasına imkan yaradır. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil  sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərimizin daha yaxşı  təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
  Gənclərimizin dünyanın inkişaf etmiş  ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları  Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir  dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan  sonra daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
  Gənclər və idman naziri Azad Rəhimov  ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O  qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən  səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir  gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir. 
  ASAİF-in  idarə heyətinin üzvü Fariz Cəfərov çıxış edərək bildirdi ki, XII Forumda Böyük  Britaniya, Türkiyə, Almaniya, Fransa, Avstraliya ,İsveçrə, rusiyada təhsil alan  300-dən çox tələbə və məzun iştirak edir.
  F.Cəfərov  diqqətə çatdırdı ki, XII Forumun məqsədi Azərbaycan Respublikasının qarşısında  duran yeni çağırışlarla əlaqədar ASAİF-in fəaliyyətinin müasir tələblər  səviyyəsində qurulması üçün rəy və təklifləri dinləyib müzakirə etmək və yeni  istiqamətləri müəyyənləşdirməkdir. Bildirildi ki, ASAİF üzvləri müasir  tələblərə cavab verən “bilik cəmiyyəti” və “bilik iqtisadiyyatı” qurulması  işinə əməli dəstək verməli, bu prosesdə yaxından iştirak etməlidirlər. Onlar  ölkənin ictimai həyatı ilə daha yaxından maraqlanmalı, dövlət quruculuğu  prosesinə müsbət töfhə verməlidirlər. Bunun üçün ASAİF-in idarəetmə modeli  yenilənməli, strateji plan hazırlanmalı, yeni hədəflər müəyyənləşdirilməli,  təşkilatlanma işinə daha ciddi fikir verilməlidir.
  Vurğulandı  ki, dövlətimizin maraqlarının beynəlxalq aləmdə qorunması,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri barədə  dünya ictimaiyyətinin məlumatlandırılması, zəngin Azərbaycan mədəniyyəti və  tarixinin təbliği gənclərimizin əsas vəzifələri olmalıdır.  
  Sonra Forum  iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb.  Müzakirələrdə Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri  Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Gənclər  Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov iştirak  ediblər. Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki,  xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək  səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli  mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.
Mətbuat xidməti