Təbrik edirik! Fevral ayında xüsusi fəallığına görə fərqlənən Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “Ayın Tələbə Gənclər Təşkilat”ı nominasiyasının qalibi oldu və təltif edildi
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Bakı və regionlarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin TGT sədrləri ilə görüş keçirildi.
Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılovun başçılığı ilə keçirilən iclasda TGT-lərin strukturlarının təkmilləşdirilməsi həyata keçiriləcək bir sıra layihələr müzakirə olundu.
Daha sonra fevral ayı ərzində Bakı və regionlarda fəaliyyət göstərən TGT-lərin fəaliyyətləri qiymətləndirilib və “Ayın Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlar təqdim olundu. Belə ki, cari ilin fevral ayında xüsusi fəallığına görə fərqlənən Sumqayıt Dövlət Universiteti “Ayın Tələbə Gənclər Təşkilat”ı nominasiyasının qalibi oldu və təltif edildi.
Qeyd edək ki, SDU - nun Tələbə Gənclər Təşkilatı 2005 - ci ildə fəaliyyətə başlayıb. Təşkilat təsis edildiyi gündən dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində, tələbələrin respublikamızın ictimai - siyasi, sosial mədəni və iqtisadi həyatında fəal iştirakını təmin etməyi özünün başlıca məqsədi kimi qarşıya qoymuşdur. Bu məqsədi həyata keçirmək üçün Tələbə Gənclər Təşkilatı tələbələr arasında müntəzəm şəkildə maarifləndirmə işləri aparır, onların iştirakı ilə elmi konfrans və seminar, simpozium, dəyirmi masalar keçirir və digər sahələrdə fəal tələbələri işə cəlb edir. TGT–nin sədri Nicat Hüseynovun rəhbərliyi ilə istedadlı və yaradıcı tələbələri müəyyənləşdirmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tələbələrin sosial problemlərinin həlli istiqamətində bir sıra uğurlu tədbirlər reallaşır. Bu gün gənclərimiz Prezident cənab İlham Əliyevin Gənclər siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın dünyada artan nüfuzu, hərbi və iqtisadi gücünün yüksəlməsi, sabit ictimai-siyasi durumu Azərbaycan gənclərini daim cənab Prezidentin ətrafında birləşdirir, uğurlara zəmin yaradır.
Mətbuat xidməti