Sumqayıt  Dövlət Universitetinin rektoru Elxan Hüseynov universitetimizin  I-II kurs tələbələri ilə görüşündə bildirdi  ki, bir çox sahələrdə olduğu kimi idman sahəsində də gerçəkləşdirilən dövlət  siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının  möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının  inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi  məkan, eyni zamanda dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda  Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, həmçinin qitə  və dünya çempionatlarına da ev  sahibliyi  edir. 
Bu gün dinamik inkişafına görə  Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici  siyasətin nəticəsidir. Ölkə başçısının rəhbərliyi altında Milli Olimpiya  Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları  tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir və ən yüksək qiymətə layiq  görülür.
Fərəhləndirici haldır ki, ilk Avropa  Oyunları məhz Azərbaycanda keçiriləcək.
Bu il iyunun 12-dən 28-dək  keçiriləcək “Bakı-2015”  Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək maraqlı  və innovativ yarışlar olacaq. “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman  növünü əhatə edəcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman  növüdür. On yeddi yarış günündə Avropanın müxtəlif ölkələrindən 6 mindən çox  idmançı öz ölkələrini təmsil       edəcək.
Rektor çıxışında onu da vurğuladı  ki, Avropa Oyunları üzrə Təşkilat Komitəsini sədri, Heydər Əliyev Fondunun  Prezidenti, YUNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili  Mehriban xanım Əliyevanın rəhbərliyi altında  oyunlara hazırlıqla bağlı sürətlə həyata keçirilən işlər dünya ictimaiyyəti  tərəfindən  yüksək qiymətləndirilir. Biz  də öz növbəmizdə, SDU-nun kollektivi olaraq bu tədbirdə fəal iştirak etməklə,  Avropa Olimpiya oyunlarında yüksək  nailiyyətlər əldə etmək üçün potensial gücümüzdən  istifadə etməliyik.
Universitetin Humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov çıxışında qeyd etdi ki, aldığımız məlumata  görə  oyunlar üçün könüllülərin cəlb  olunması prosesi davam edir və 16,000-dən çox könüllü seçilmək üçün onlayn  qeydiyyatdan keçmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftə  ərzində  yüzlərlə gənc arasında müsahibələr  aparır və iyun ayının 12-si Oyunlar başlayana qədər 12500 nəfər könüllünü iştiraka  cəlb edəcək.
Universitetimizin könüllü tələbələri oyunlar  ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi  şəxslərə kömək edəcək, idman yarışlarında üzərlərinə düşən vəzifəni yerinə  yetirməklə bərabər, tamaşaçılara və ya media nümayəndələrinə dəstək  göstərəcəklər. Bunun üçün universitetimizin 7 fakültəsi arasında iş bölgüsü  aparılmışdır. Belə ki, Mühəndislik, İqtisadiyyat və idarəetmə,  Tarix və coğrafiya fakültələri  açılış-bağlanış mərasimində, digər fakültələr   isə oyunlar zamanı iştirak      edəcəklər. 
Həmçinin  o da qeyd olundu ki,  Avropanın birinci multi-idman yarışlarına  verəcəkləri töhfənin əvəzində könüllülərimiz  yarış obyektlərinə pulsuz nəqliyyat xidməti,  uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile  tərəfindən verilən SIM kartdan yararlanacaqlar.
Sonda tələbələrin sualları  cavablandırıldı.
Mətbuat xidməti