Vyana Tətbiqi Elmlər Universitetində qazanılan təcrübə paylaşıldı
Aprelin 9-da universitetdə PETRA layihesi çərçivəsində məlumat günü keçirildi. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov və universitetin professor- müəllim heyəti iştirak etdilər. Tədbiri PETRA layihəsinin SDU üzrə meneceri dosent Natiq Talıbov açaraq universitetin beynəlxalq əlaqələrinin inkişafından, SDU-nun tərəfdaş olduğu ERASMUS+ layihələrindən, PETRA layihəsinin məqsədi, layihə çərçivəsində xarici ölkə universitetlərində keçirilən görüşlərdən, yaradılacaq Tədris və təlim mərkəzinin məqsəd və vəzifələrindən bəhs etdi. Bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Kərimova təqdimatla çıxış edərək layihə haqqında ümumi məlumat verdi.
Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov çıxış edərək Vyana Tətbiqi Elmlər Universitetində keçirilən təlimlərdə elmi tezis və məqalələrin necə yazılması, tədqiqatın aparılması, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi mövzusunda geniş təqdimatla çıxış etdi.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova Vyana səfəri haqqında təəssüratlarını bölüşərək tədqiqat və inkişafın idarə olunması, akademik nəşrlərin əhəmiyyəti, tədris, təlim və tədqiqatlarda qabaqcıl innovasiyaların tətbiqinin zəruriliyi haqqında ətraflı təqdimatla çıxış etdi.
Sonda mövzu ətrafında maraqlı müzakirələr aparıldı.
Mətbuat xidməti