Fevralın 25-də Sumqayıt Dövlət Universitetində  Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə   Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi keçirildi. 
  Universitetin rektoru Elxan Hüseynov Azərbaycanın XX  əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 23 illik  faciəsini özündə əks etdirən tablolara baxış zamanı o müthiş gecəni ürək ağrısı  ilə xatırladı:  1992-ci il fevralın  25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun  Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və  şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı  soyqırım törətmişlər. Şəhər darmadağın edilmiş və talanmış, dinc əhaliyə  amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir  olunmuş, 1275 nəfər girov götürülmüş və işgəncələrə məruz qoyulmuşdur. Rektor  o faciəni unutmamaq üçün bu cür tədbirlərin  keçirilməsini əhəmiyyətini vurğuladı və qeyd etdi ki, universitetimizin  saytında ermənilər tərəfindən tarix boyu   azərbaycanlıların başına gətirilən faciələri, soyqırımları əks etdirən  xüsusi bölmə ayrılmışdır. Universitetimizdə   çalışan hər bir kəsin milli və mənəvi borcudur ki,  başımıza gətirilən bu müsibətləri dünya  ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni əsirgəməsin.
  Sərgiyə baxış  zamanı universitetin Kimya və biologiya fakultəsinin II kurs tələbəsi Rusif  Səfərlinin çəkdiyi əsər rektor Elxan Hüseynovda dərin iz buraxaraq mənfur Serj  Sarkisyanın müsahibəsini xatırlatdı: “Biz azərbaycanlıların inanmadığı bir işi gördük, biz  stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq” – deyə bir bəyanat verdi.  Bunların hamısı göstərdi ki, biz çox təhlükəli, qaniçən, heç bir beynəlxalq  qanunları tanımaq istəməyən bir düşmənlə birlikdə qonşu yaşamışıq və buna görə  çox təssüf keçirirəm. 
  Davamlı olaraq Azərbaycan dövləti və hökuməti,  Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları  Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş  coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm  addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz  Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirmişdir.  Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin  Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il  fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar  qəbul edilmişdir.
  Rektor onu da  vurğuladı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və  məlumatlandırma kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına siyasi-hüquqi  qiymət verilməsinin vacibliyini isbat etmişdir. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir.
  Rektor bu  sərgini təşkil etdiyinə görə Tələbə Elmi Cəmiyyətinin  sədri İslam Paşayevə və TEC-nin şurasının sədri Nurlan Səmədliyə  təşəkkür   etdi.
  Tələbə Elmi  Cəmiyyətinin sədri, dosent İslam Paşayev sərgidə nümayiş olunan  Sumqayıt şəhər Uşaq və Yeniyetmələr Yaradıcılıq  Mərkəzinin “Təsviri -incəsənət” dərnəyinin üzvlərinin və universitetimizin  tələbələrinin birgə rəsm əsərləri barədə ətraflı məlumat verdi.  Bildirdi ki, sərgini keçirməyimizdə  məqsədimiz gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi,  onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına xidmət etməkdir.
  Tədbir  universitetin böyük akt zalında davam etdirildi. Xocalı soyqırımında həlak olmuş insanların əziz  xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra universitetin tələbələrinin ifasında “Xocalı” ədəbi-bədii kompozisiyası  nümayiş olundu.Tamaşanın rejissoru Vaqif  İbrahimov, musiqi tərtibatçısı Zaur Səfərovdovdur.
Mətbuat xidməti