Kollektivimiz AXC-nin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş“Zülmətdə nur” tamaşasına baxdılar
Aprelin 19-da universitetimizin kollektivi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşaya baxdılar. Əsər böyük mütəfəkkir, şair-dramaturq Hüseyn Cavidin həyatından bəhs edir. Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi əsər 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır. NKVD zindanlarında əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını Əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı və başqaları ustalıqla çatdıra bildilər.
Tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Mətbuat xidməti