Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər  vəkili Assad Jose Jater Pena Sumqayıt Dövlət Universitetində oldu.
SDU-nun rektoru Elxan Hüseynov cənab  səfiri universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi. Görüşdə rektor  Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, tədris prosesi,  burada fəaliyyət göstərən Əcnəbi tələbələrin hazırlıq  mərkəzi və beynəlxalq əlaqələri barədə məlumat  verdi. Universitetin maddi-texniki bazasından danışan rektor söylədi ki, 37 auditoriyada proyektorlar quraşdırılmış, ağıllı  elektron lövhələr yerləşdirilmişdir. Universiteti sürətli internetlə təmin etmək  məqsədi ilə optik kabel çəkilmiş, geniş lokal  şəbəkə yaradılmışdır. 
Rektor Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali  təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin  inkişafı üzrə Dövlət Strategiyası"nın, "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti  və bu sahədə yeni proqramın hazırlanması barədə məlumat verdi.
Rektor onu da vurğuladı ki, Azərbaycanda  yeni açılan Kolumbiya səfirliyi hər iki ölkə arasında əlaqələrin inkişafında səmərəli  rol oynayacaqdır. E.Hüseynov Azərbaycan ilə Kolumbiya  arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin,  müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil  sərgilərinin təşkil olunmasının, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin  qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd etdi.
Assad Jose Jater Pena Kolumbiya səfirliyinin   Azərbaycanda açılmasının hər iki ölkənin  mədəni, ictimai və siyasi sahələrdə əlaqələrinin genişlənməsinə müsbət təsir  göstərəcəyini söylədi. Təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir  SDU ilə Kolumbiya universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm  verdiyini vurğuladı. 
Assad Jose Jater Pena Nobel mükafatı laureatı  Qabriel Qarsia Markesin iki  kitabını rektora hədiyyə etdi.
Rektor Elxan Hüseynov kolumbiyalı diplomatı universitetin Heydər  Əliyev Mərkəzi ilə tanış etdi. Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və  qurucusu   Heydər Əliyevin qranitdən  hazırlanmış barelyefi, ona aid kitablar və sənədlər qonağın marağına səbəb oldu. 
Səfir  rektor Elxan Hüseynov və Xarici dil kafedrasının müdiri Nigar İsgəndərova ilə  birlikdə auditoriyalarda aparılan dərsləri müşahidə etdi,  tələbələrlə fikir mübadiləsi apardı və söz  verdi ki, qısa zaman kəsiyində onlarla görüşüb Kolumbiyanın tarixi, universitetləri  və orada təhsil almağın üstünlükləri barəsində məlumat verəcək.
Sonda qonağa universitetin  plan –prospektini özündə əks etdirən gündəlik hədiyyə edildi.
Mətbuat xidməti