Tələbələrimiz “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalında uğurla iştirak etdilər
Aprelin 25-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala konserti keçirildi.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək festivalın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Bu festivalın qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən “Eurovision” mahnı yarışmasında uğurla təmsil ediblər. Nazir bildirdi ki, “Tələbə baharı” layihəsi Gənclər və İdman Nazirliyinin ən uğurlu layihələrdən biridir. “Bizim çevik, bilikli, istedadlı tələbə ordusunun gündən-günə sıraları artır, genişlənir. 2007-ci ildən bu günədək üç mindən çox tələbə bu layihədə iştirak edib. Bu layihə gənclər arasında mədəniyyətin təbliği üçün çox yaxşı fürsətdir”.
Azad Rəhimov onu da qeyd etdi ki, festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Gənclər və idman naziri ölkəmizdə Prezident cənab İlham Əliyevin dəstəyi ilə gənclərə yönəlmiş bir sıra layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırdı.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da çıxışında festivalın əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı. Ş.İsmayılov qeyd etdi ki, aprelin 3-6-da festivalın seçim mərhələləri keçirildi. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdirdilər. Bu isə ildən-ilə layihəyə artan marağın sübutudur.
Tədbir tələbələrin müzikl-tamaşaları ilə davam etdi. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin “Səma” rəqs qrupu “Milli rəqs” nominasiyası üzrə III yerə, “Estrada” musiqi nominasiyası üzrə isə İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qəşəm Cəfərov III yerə layiq görüldülər.
Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olundu.
Mətbuat xidməti