SDU-da “Qan ver, yaşat!”devizi altında aksiya keçirildi
Aprelin 27-də Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə talassemiya və hemofiliya irsi xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələr üçün “Qan ver, yaşat!”devizi altında qanvermə aksiyası keçirildi. Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, xəstələrdə əlillik və ölümün azaldılması, hemofiliyanın fəsadlarının diaqnostikası, müalicə və profilaktikasının təkmilləşdirilməsi, müalicənin təşkili və digər tədbirlərin görülməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində ardıcıl tədbirlər həyata keçirilir. “Qan ver, yaşat” devizi altında keçirilən belə aksiyalar irsi qan xəstəliyindən əziyyət çəkən uşaq və yeniyetmələr üçün mühüm əhəmiyyət kəsb edir.
Universitetin çoxsaylı professor-müəllim, tələbə və əməkdaşlarının könüllü olaraq iştirak etdikləri humanist xarakterli aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olundu, daha sonra isə qan verildi.
Qeyd edək ki, Qan bankına toplanan qanın plazma hissəsi hemofiliyadan əziyyət çəkən xəstələrə, eritrositar kütləsi isə talassemiyalı xəstələrə köçürüləcəkdir.
Mətbuat xidməti