Fevralın 28-də Fizika və  Elektroenergetika fakültəsində Tələbə-Elmi Cəmiyyətinin elmi seminarı  keçirildi.
  Seminarda Elm və innovasiyalar üzrə prorektor,  prof. Ramazan Məmmədov, Universitet TEC-in elmi rəhbəri, dos. İslam Paşayev,  Fizika və Elektroenergetika fakültəsinin  dekanı, dos.Tamilla Əhmədova, TEC-nin fakültə üzrə  elmi rəhbəri, dos. Samir Orucov və digər  fakültələrin TEC-nin üzvləri iştirak etdilər. 
  Seminarı  giriş sözü ilə  Universitet TEC-nin  elmi rəhbəri, dos. İslam Paşayev açaraq  bildirdi ki,    Rusiyanın Voronej şəhərində keçiriləcək "XXI əsrin Gənclik və Elm:  nailiyyətlər və perspektivlər" adlı   Beynəlxalq elmi-praktiki konfransında göndərilən məqalələrin və elmi  yeniliyi olan TEC-in üzvülərinin məruzələrinin fakültələr üzrə  seminarlarda  müzakirəsi  nəzərdə tutulub.  Bunun üçün də  bütün   fakültələrdə seminarlarımız davam etdiriləcək. Öncə Filologiya  fakultəsində bu gün isə Fizika və Elektroenergetika fakültəsində keçirilən seminarın əsas məqsədi elmi   yeniliyi olan qabaqcıl  tələbələri  yaxından tanımaq, onlara bu sahədə köməklik göstərməkdir. 
  Seminarda çıxış edən Elm və innovasiyalar  üzrə prorektor, prof. Ramazan Məmmədov tələbələrin elmin inkişafında və elmə  olan marağının artırılmasında bu cür seminarların önəmli rolu olduğunu  vurğuladı. O,  dahi Azərbaycan   şairi  Nizami Gəncəvinin məşhur kəlamını dilə gətirdi: “Qüvvət elmdədir başqa cür heç  kəs, heç kəsə   üstünlük eyləyə bilməz” .
  Elmi  seminarda tələbələrdən:  
Camaləddinov Ramin (qr. T-56) “Alternativ enerjilər ”,
Hacıverdiyev Aslan (qr. T-56) “ Sürətli asinxron mühərriklərin idarə edilməsi və qoşulma sxem”,
Qasımova Lalə (qr. 545) “ Maye kristal əsasında hazırlanmış Şottki diodlarının tətqiqi”,
Səfərova Südabə (qr. 545) “ Lazer şualarının təsiri ilə Cu3,Ga5,Se9 kristallarından ikifotonlu fotokeçiricilik hadisəsinin tədqiqi ”,
Əsədova Şəbnəm (qr. 545) “ Lazer şuaların təsiri ilə Ga, Se kristalın rekombinasiya mərkəzinin tədqiqi”,
Qədirova Aytac (qr. 554) “ Alternativ enerji mənbələri”,
Şıxməmmədova Xuraman (qr. 554) “ Ozon qatının problemlərinin həlli yolları”,
İlyasova Zülfiyyə (qr. 554) “ Azərbaycan strateji enerji qaynaqlarının milli təhlükəsizliyə təsiri” mövzularında məruzələrlə çıxış etdilər.
Məruzələrdən sonra seminar iştirakçıları  olan müəllim və tələbələr çıxış edənlərə suallar verdilər. Məruzələr ətrafında  maraqlı diskussiyalar aparıldı. 
  Seminarda Fizika və  Elektroenergetika fakültəsinin dekan, dos. Tamella Əhmədova çıxış edərək Fizika  və Elektroenergetika fakültəsində keçirilən ilk elmi seminarın təşkilinə görə Universitet  TEC-nin elmi rəhbəri, dos. İslam Paşayevə öz təşəkkürünü bildirdi. Onu da  vurğuladı ki,  elmi rəhbərlər tələbələrin  qarşısına çıxan problemlərin həlli istiqamətində onlara yaxından kömək  etməlidirlər. Çünki onlar gələcəyin magistrantları, alimləridir.
  Növbəti seminarın 14.03.2015-ci il tarixində  İqtisadiyyat və İdarəetmə fakültəsində keçiriləcəyi bildirildi.
Mətbuat xidməti