Mayın 8-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bu günün şagirdi sabahın alimidir” devizi altında Sumqayıt şəhər məktəblərinin IV-XI sinif şagirdləri arasında keçirilən riyaziyyat üzrə fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Rektor professor Elxan Hüseynov qalibləri universitetin Heydər Əliyev Mərkəzində qəbul etdi. Qeyd etdi ki, görüşün Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfü deyil. Ölkədə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialının möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun miras qoyduğu milli təhsil quruculuğu bu gün prezident cənab İlham Əliyev və Azərbaycanın Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Rektor onu da diqqətə çatdırdı ki, olimpiadanın keçirilməsinin əsas məqsədi istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirməkdir. Çünki elmsiz təhsil, təhsilsiz elmi təsəvvür etmək mümkün deyil. Bu məqsədlə də universitetimizdə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə olimpiadalar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artırır. Rektor bütün bu uğurların qazanılmasında ümumi təhsil müssisələrində çalışan peşəkar müəllimlərin xüsusi ilə Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələrinin əməyini yüksək qiymətləndirdi, istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər arzuladı.
Sonda qaliblər mükafatlandırıldı.
Qeyd edək ki, olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 37 tam orta məktəbdən 600 şagird iştirak etmişdi.
Mətbuat xidməti