Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq
Tarix boyu hər bir dövlət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşaraq uşaqları sevgi ilə əhatə edir. Bu doğma hislərin, fikirlərin təsiri ilə universitetimizin Kimya və biologiya fakültəsinin müəllim və tələbələri mayın 19-da Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində oldular.
Universitetin Neft kimyası və kimya mühəndisi kafedrasının dosenti Kifayət Mütəllimova, Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova çıxış edərək qayğıya ehtiyacı olan körpələri yada salmaq, onları sevindirməyi özlərinə borc bildiklərini vurğuladılar. Uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlətin daim diqqətində olan bir vəzifədir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşır və onların firavan gələcəkləri üçün hər cür şərait yaradır.
Tələbələrin gətirdikləri sovqatlar uşaqların sevinclərini daha da artırdı. Uşaqlar da öz məharətlərini, bilik və bacarıqlarını nümayiş etdirərək vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.
Mətbuat xidməti