SDU-da “Müstəqil Azərbaycan Respublikası -Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda növbəti məşğələ
Mayın 23-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Müstəqil Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda növbəti məşğələ keçirildi.
Rektor professor Elxan Hüseynov AXC-nin 100 illik yubileyi münasibətilə təbrik etdi və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs etdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilmiş, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilmişdir. 1918-ci ildə müstəqilliyin əldə olunması çox böyük tarixi hadisə idi. 23 aylıq mövcud olduğu dövrdə Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu, sərhədlərin mühafizəsi, bank işi və iqtisadiyyat, təhsil sahəsi, dövlət idarəçiliyi və sairə kimi müstəqil dövlətlərdə olan sahələr inkişaf etdirilmişdir. Bu, xalqımızın gələcəkdə var olması, dövlətçilik prinsiplərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün böyük bir töhfə idi. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının müstəqilliyi tarixi hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir.1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox uzun yaşaya bilmədi. Təəssüf hissi ilə qeyd edək ki, 1918-ci ilin aprelin 28-də Azərbaycandan da olan bir sıra bolşeviklərin çağırışı ilə 11-ci Qızıl Ordu hissələri Azərbaycana daxil oldu. Beləliklə, Şərqdə ilk Demokratik Dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Xalqımız uzun illər müstəqillik qazanmaq arzusunda olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqımız bu sevinci yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçilik tarixinin ikinci, daha məsuliyyətli dövrü başlandı. Bu gün qürurla deyə bilərik ki, dövlətimiz hələ 100 il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan etdi, öz praktik fəaliyyətində belə onları təmin etdi. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Bu gün biz çox xoşbəxt xalqıq ki, Azərbaycana Ümummilli Liderin layiqli varisi İlham Əliyev rəhbərlik edir.
Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar müəllimi Bəhram Məmmədli “Müstəqil Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri Sona Məhərrəmova “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Rima Əyyubova “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, İqtisadiyyat kafedrasının müdiri Lalə Mahmudova “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti”, Mühəndislik fakültəsinin I kurs tələbəsi Samirə İsmayilova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu və hərbi əməliyyatlar” mövzularında məruzələrlə çıxış edərək ölkə başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd etdilər. Bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdən biridir. Çox təəssüf ki, az vaxtdan sonra - 1920-ci ilin aprelində bu respublika süqut etdi. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış Ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz məhv olmaqla üz-üzə qaldığı illərdə həyatını təhlükə qarşısında qoyaraq cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirdi. Natiqlər onu da diqqətə çatdırdılar ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaq.
Professor, Əməkdar müəllim Həsən Sadıqov da çıxış edərək bildirdi ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə uğurla təmsil olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada layiqli yer tutan Azərbaycan həm cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə böyük addımlarla irəliləyir.
20:17 29.05.2018
Mətbuat xidməti