SDU-da “Tətbiqi fizika və energetikanın aktual məsələləri−2018” Beynəlxalq elmi-texniki konfransı öz işinə başladı
Mayın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Tətbiqi fizika və energetikanın aktual məsələləri − 2018” Beynəlxalq elmi-texniki konfransı öz işinə başladı.
Öncə rektor professor Elxan Hüseynov və konfrans iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər güllər düzüldü.
Universitetin Akt zalında keçirilən konfransda Kazan Dövlət Energetika Universitetin Elmi İşlər üzrə prorektoru professor Emil Şəmsutdinov, Sankt-Peterburq Politexnik Universitetinin Nəzəri elektrotexnika və elektromexanika kafedrasının müdiri professor Nikolay Korovkin, Özbəkistan Respublikasının Buxara Tibb Universitetinin Biofizika və İnformatika kafedrasının müdiri, professor Salim Umarov, Ufa Dövlət Texniki Neft Universitetinin dekanı professor Zuxra Pavlova, Cənubi Koreyanın Çunqbuk Milli Universitetinin professoru Seong-Cho YU, Cheongju Universitetinin professoru Tae Ho Yeom, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin böyük elmi işçisi Adler Həmzətov, Belarus Milli Elmlər Akademiyasının Materialşünaslıq üzrə Elmi-Praktiki Mərkəzinin laboratoriya müdiri professor Kazimir Yanuşkeviç, Ufa Dövlət Neft Texniki Universitetinin professoru İlyas Gimaltdinov, Pskov Dövlət Universitetinin dosenti İvan Bandurin, Gürcüstan Texniki Universitetinin professoru Zurab Adamiya, Sankt-Peterburq Politexnik Universitetinin tədqiqatçısı İvan Nalyetov, o cümlədən ölkəmizdə fəaliyyət göstərən aparıcı universitetlərinin alimləri də iştirak etdilər.
Konfransı Sumqayıt Dövlət Universitetin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov açaraq qonaqları salamladı, kollektiv adından onlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, son illər universitetimizdə Beynəlxalq, Respublika konfranslar keçirilir, bu da ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf edir. Bütün bunlar səmimi münasibətlərimizin bariz göstəricisidir. Rektor onu da qeyd etdi ki, “Tətbiqi fizika və energetikanın aktual məsələləri−2018” Beynəlxalq elmi-texniki konfrans əlamətdar bir günə təsadüf edir. 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Bu gün ölkəmiz nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi olmaqla yanaşı, geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərir. Hal-hazırda regionumuzda enerji sahəsindəki perspektivlər ümidvericidir. Təbii ki, bu uğurların təməlində uzaqgörən siyasi xadim, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz quruculuq işləri görüb. Ulu öndərin müəyyənləşdirdiyi və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Rektor çıxışında universitetimizə xarici ölkələrdən nüfuzlu mütəxəssislərin cəlb olunmasının energetikanın aktual məsələlərinə öz töhfəsini verəcəyini də vurğuladı.
Beynəlxalq Elmi konfrans çərçivəsində Kazan Dövlət Energetika Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalandı.
Konfaransda Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova “Azərbaycan enerji sisteminin inkişaf perspektivləri və enerji effektliyi məsəslələri”, Kazan Milli Tədqiqat Texniki Universitetinin rektoru Tatarıstan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor Albert Gilmutdinov “Лазерные аддитивные технологии. Современное состояние и перспективы”, Milli Aviasiya Akademiyasının Elmi işlər üzrə prorektoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Afiq Həsənov, “Fotoelastik effektin xüsusiyyətlərinin bir sıra radiotexniki məsələlərinin həlli ücün tətbiq imkanı”, Sankt-Peterburq Politexnik Universitetinin Nəzəri elektrotexnika və elektromexanika kafedrasının müdiri professor Nikolay Korovkin “Новые подходы к оптимизации статических режимов энергосистем”, Kazan Dövlət Energetika Universitetinin Elmi işlər üzrə prorektoru professor Emil Şəmsutdinov “Казанский государственный энергетический университет как центр технологического развития региона”, Özbəkistan Respublikasının Elmlər Akademiyasının Fizika-Texniki İnistitutunun labaratoriya müdiri professor Amin Saidov “Выращивание твердого раствора (Si2)1-x-y(SiC)x(Sn2)y на Si подложках из жидкой фазы”, Çunqbuk Milli Universitetinin Fizika departamentinin professoru Seong- ChoYu “The Magnetocaloric Effect on Magnetic Materials”, Sumqayıt Dövlət Universitetinin Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Məhəmmədəli Zərbəliyev “Tallium halkoindianatları və onların ərintiləri əsasında nadir torpaq elementli yarımkeçiricilər”, Belarus Milli Elmlər Akademiyasının laboratoriya müdiri professor Yanuşkeviç Kazimir İosifoviç “Магнитные полупроводники на основе xалькогенидов 3d-элементов” mövzularında məruzə ilə çıxış etdilər. Qonaqlar konfransın yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova dərin təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, belə konfranslar ölkələrimiz arasında dostluq və təhsil sahəsi üzrə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Konfrans iştirakçılarına Sumqayıt Dövlət Universitetinin tələbələrinin ifalarında xalq mahnıları və “Səma” rəqs qrupunun hazırladığı dünya xalqlarının milli rəqs nömrələrindən ibarət konsert proqramı təqdim olundu.
Qeyd edək ki, beynəlxalq konfrans öz işini səkkiz bölmə üzrə iki gün ərzində davam etdirəcəkdir. Konfransa 198 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
Mətbuat xidməti