Martın  3-də  Dövlət Miqrasiya Xidmətinin  əməkdaşlarının universitetimizdə  təhsil  alan əcnəbi tələbələrlə görüşü keçirildi.
  Görüşü giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor, dosent  Nizami Namazov universitetin rektoru adından qonaqları salamladı. O, qeyd etdi  ki, son bir il ərzində miqrasiya xidmətinin əməkdaşları ilə görüşlərimiz  tez-tez keçirilir. Universitetimizdə təhsil alan əcnəbi tələbələr üçün bu  görüşlərin böyük əhəmiyyəti var. 
  Sonra çıxış üçün söz Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi,  miqrasiya xidmətinin müşaviri İsmayıl Abdullayeva verildi. İdarə rəisi İsmayıl  Abdullayev çıxışında bildirdi ki, 1999-cu ildə BMT-də bir konvensiya  qəbul olundu və bu konvensiya əsasında  transmilli cinayətkarlığa qarşı mübarizə adlı qanun qəbul olundu. Bizim  ölkəmizdə 2007-ci il martın 19-da Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında sərəncam imzalandı.  Ölkə başçısı miqrasiya xidməti orqanları qarşısında, ölkəmizə gələn və  ölkəmizdə yaşayan hər bir əcnəbi vətəndaşın harada, necə yaşaması və nə işlə  məşğul olmasının müəyyən edilməsinin vacib və məsul bir vəzifə olduğunu qarşıya  qoydu. Azərbaycana gələn hər bir əcnəbi qeydiyyatı ilə bərabər hansı işi  görməsindən asılı olmayaraq, Azərbaycan qanunlarını bilməli və buna hörmət  etməyə borcludur. Bizdən də başqa xarici ölkələrə gedən miqrantlarımız var.  Onlarda o ölkələrin qanunlarını, adət-ənənələrini, milli mentalitetini  öyrənməli və buna əməl eməlidir. İdarə rəisi miqrasiya  sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, əsasən də tələbələrin təhsil  alması ilə bağlı müəyyən qaydalar haqqında görüş iştirakçılarını  məlumatlandırdı. Görüş zamanı qeyd olundu ki, Azərbaycanda 10 gündən artıq  yaşamaq istəyən əcnəbi, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə  qeydiyyata alınmalıdır. Prosedur qaydası isə çox sadədir. Pasportun yalnız  şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq  edilmiş səhifəsinin surəti tələb olunur. Azərbaycanda qanuni əsaslarla  olduğunuz müddətdə sizə müvəqqəti yaşamaq üçün bir il müddətinə icazə verilir.  Tələbələrə dövlət rüsumunda da xeyli güzəşt edilir. Belə ki, bir illik yaşamaq  üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40  manatdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş və digər qanunlarımıza görə,  vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola  bilməz: “Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də  yaşamalıdır. Nəzərinizə bir sevindirici xəbəri çatdırım ki, Türkiyədən  Azərbaycanda təhsil alan tələbələrə hər iki dövlətin razılığı ilə həftə ərzində  20 saat işləməyə icazə veriləcək. Bu barədə artıq layihə işlənir. Bir faktıda  tələbələrin diqqətinə çatdırım ki, bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə  bilmədikləri üçün işlədiklərini deyirlər, amma bu qanunlarımıza uyğun deyil. Daha  doğrusu qanunlarımız buna yol vermir. Buna baxmayaraq, belə hallar  aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30 000-35 000,  sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində  cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini  pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər.  Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa həmin şəxslər  ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir  əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”. Bütün bunlarla  yanaşı olaraq hər bir əcnəbi tələbə ən azından danışıq dilini öyrənməli, eyni  zamanda milli adət ənənələrimiz haqqında məlumata malik olmalıdır. 
  Görüşün  sonunda idarə rəisi İsmayıl Abdullayev əcnəbi tələbələri maraqlandıran sualları  cavablandırdı.
Mətbuat xidməti