SDU-da “Açıq qapı” günü keçirildi
İyunun 7-də Sumqayıt Dövlət Universitetində İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 14 may 2018-ci il tarixli, 354 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalandı. Əmrə əsasən sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın müddətində imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. İmtahan qərargahın və “Qaynar xətt” xidmətinin sədri professor Şirxan Səlimovdur. İmtahan qərargahı SDU-nun əsas tədris binasının ikinci mərtəbəsində, 241 saylı otaqda fəaliyyət göstərir, əlaqə nömrəsi 64-4-89-05-dir.
Yaz imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika və elekrtoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar. Bütün bunlara baxmayaraq, universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.
Onu da qeyd edək ki, “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il üzrə İş planının təsdiq edilməsi və İctimai şuraların fəaliyyətənin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi barədə əmr imzalanmışdır. Qərara uyğun olaraq, Sumqayıt Dövlət Universitetində də R-13/1 saylı əmr 15.02.2018-ci ildən icra olunaraq “İctimai Nəzarət və Məsləhət Şurası” yaradılmışdı. Tələbələr üçün yaradılan şərait imtahanların tam obyektivliyinin təmin olunmasına xidmət edir. SDU-da yaz semestrinin imtahan sessiyası iyununun 4-də başlayıb. İyulun 5-dək davam edəcək imtahan sessiyası 7 fakültə üzrə yazılı şəkildə aparılacaq.
Sonra müşahidəçilər, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları, İctimai Nəzarət və Məsləhət Şurasının sədri, “Sağlam Düşüncə” gənclər təşkilatının həmtəsisçisi və idarə heyətinin üzvü Ramiz Əliyev, sədr müavini, AZƏRTAC-ın müxbiri Ətrabə Rzayeva, “Təhsil –Press.az” İnformasiya Agentliyinin rəhbəri Əkbər Hüseynzadə, Xeberfakt.az saytının rəhbəri Sakit Muradov, Xəbərlər.com xəbər portalının baş redaktoru Kamal Almuradlı, Həqiqət.az saytının baş redaktoru İlkin Nurəhmədov, “İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması mərkəzi” İctimai birliyinin Binəqədi rayon filialının sədri İbad Allahverdiyev və valideyn Zülfiyyə Ağayeva imtahan keçirilən auditoriyalarda oldular. İmtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər, hər auditoriyada müəllim-koordinatorların nəzarət etməsini, imtahanların obyektiv keçirilməsini yüksək qiymətləndirdilər.
Sonra SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov müşahidəçilərlə görüşdü, imtahan prosesinin təşkilindən və keçirilməsindən, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən və universitetdə təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrəsini verməkdədir. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Sumqayıt Dövlət Universitetində möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır. Universitetimiz əldə etdiyi nailiyyətlərlə elmin, təhsilin inkişafına əvəzsiz töhfələr verməkdədir.
Qonaqlar “Açıq qapı” günü çərçivəsində imtahan prosesinin təşkilindən və keçirilməsindən razı qaldıqlarını bildirdilər, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova minnətdarlıqlarını ifadə etdilər.
Mətbuat xidməti