SDU-nun alimləri “Elm-Təhsil İnteqrasiyası” adlı qrant müsabiqəsinin qalibləri oldular
Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu qloballaşan dünyada dövrün tələblərinə cavab verən elmi axtarış və tədqiqatların aparılması, bəşəriyyət üçün mühüm olan elmi nəticələrin əldə edilməsi alim və mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir. Təbii ki, qrant müsabiqələrinin təşkil edilməsi elm sahəsində çalışan tədqiqatçı və alimlərin fəaliyyətinə təkan verir, ali məktəblərin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir və elmi texniki potensialı dəstəkləyir. Respublikamızın qabaqcıl ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti də elmi sahənin inkişafı üçün bir çox addımlar atıb və bu istiqamətdə işlər uğurla davam edir.
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqladı. Müsabiqəyə qrant layihələr ötən il yanvarın 5-dən 28-dək daxil olub. Həmin müddətdə müsabiqəyə Azərbaycandan 138 layihə təqdim edilib.Layihələrin texniki ekspertizası təşkil olundu, 133 layihə elmi ekspertiza mərhələsinə buraxıldı. Müsabiqənin nəticələrinə əsasən “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetindən üç layihə: birinci “Ali təhsil müəssisələrində multiixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu”, ikinci “Qeyri–xətti dinamik obyektlərin harmonik və impulsiv idarə təsirləri şəraitində optimal idarə metodlarının işlənməsi (neft emalı prosesləri nümunəsində)”, üçüncü “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)” adlı layihələr qalib oldu.
Qaliblər:- Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, professor Cavanşir Məmmədovun “Ali təhsil müəssisələrində multi-ixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu” adlı layihəsinə 60 000 manat, həmin kafedranın professoru Əli Nağıyevin “Qeyri–xətti dinamik obyektlərin harmonik və impulsiv idarə təsirləri şəraitində optimal idarə metodlarının işlənməsi (neft emalı prosesləri nümunəsində)” layihəsinə 60 000 manat, Coğrafiya və onun tədrisi metodikası kafedrasının dosentləri İsmayıl Quliyev və İlham Mərdanovun “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)” adlı layihələrinə 50 000 manat ayrıldı. Layihələr AMEA-nın müxtəlif institutları və elmi-tədqiqat mərkəzləri ilə birgə icra olunacaq.
Mətbuat xidməti