Nümayəndələrimiz ERASMUS+PETRA layihəsi çərçivəsində Valensiya Politexnik Universitetində oldular
İyunun 19-dan 22-dək ERASMUS+PETRA layihəsi çərçivəsində Valensiya Politexnik Universitetində keçirilən təlimlərdə universitetimizi İqtisadi məsələlər üzrə prorektoru Naib Hacıyev, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova təmsil etdilər. Əməkdaşlarımız «Akkreditasiya Horizon–2020», «ERASMUS+KA1, KA2, ERASMUS MUNDUS proqramları”, «Valensiya Politexnik Universitetinin texnoparkı», “Elektron təhsil sistemi” adlı mövzularda keçirilən təlimlərdə iştirak etdilər.
Tədbirin birinci və ikinci günü menecerlərin görüşü keçirildi. Hər universitetdən bir nəfər menecer yaxud meneceri təmsil edən bir nümayəndə həmin görüşdə iştirak etdi. Görüşdə xarici tərəfdaşlardan Debrecen, Qazi, Vyana və Finlandiya universitetlərinin də menecerləri iştirak etdilər. Tədbirin 3-cu günü layihə menecerlərinin üzbəüz görüşü oldu və hər universitet ilə təkbətək görüş keçirildi. Məqsəd il ərzində göndərilən sənədlərin auditi və verilən tapşırıqların monitorinqi idi. Tədbirin 4-cü günü Valensiya Politexnik Universitetinin Multi-media Mərkəzində görüş keçiridi. Distant təhsildə vacib amil olan səsyazma studiyası ilə tanışlıq oldu. Hər universitetdən bir nəfərə həmin studiyаda 3-10 dəqiqəlik mühazirə və yaxud hər hansı bir təqdimat etmək şansı verildi. Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova “Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələri” mövzusunda slaydlaçıxış etdi. Çıxış zamanı SDU-nun saytı nümayiş etdirildi. Əməkdaşlarımız tədbirin 5-ci günü “Ali təhsildə nailiyyətlər” adlı IV Beynəlxalq konfransa qatıldılar. Konfransda professor Cavanşir Məmmədov təqdimatla çıxış etdi və sertifikata layiq görüldü. Konfrans bölmələr üzrə davam etdirildi.
Onu da qeyd edək ki, konfransda iştirak edən bütün əməkdaşlarımız sertifikatlarla təltif olundular.
Mətbuat xidməti