SDU-da buraxılış işlərinin müdafiəsi davam edir
Bu gün Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirildi. İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında keçirilən müdafiədə rektor professor Elxan Hüseynov, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Dövlət Attestasiya komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin professoru Vidadi Musayev, fakültə dekanı dosent Ulduz Ağayev və fakültənin müəllimləri iştirak etdilər.
Diplomant Əfsanə Eynullazadə “Texniki sistemlərin konstruktiv elementlərinin layihələndirilməsi prosesinin avtomatlaşdırılması” adlı diplom işini müdafiə etdi. Diplom işi komissiya üzvlərinə təqdim olundu. Tələbə işin məzmununu slaydlar vasitəsilə hərtərəfli izah etdi, eyni zamanda müəllimlərin suallarını ətraflı cavablandırdı. Təqdim olunan diplom işi haqqında opponent rəyi müsbət oldu. Qeyd edək ki, professor Aqil Hüseynovun elmi rəhbəri olduğu buraxılış işi yüksək balla qiymətləndirildi.
Rektor professor Elxan Hüseynov buraxılış işinin məzmunu ilə bağlı diplomanta suallar verdi, mövzu ilə bağlı təkliflər irəli sürdü və iş haqqında müsbət fikrini bildirdi. Qeyd etdi ki, gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, savadlı kadrların hazırlanmasında dövlət tərəfindən hər cür şərait yaradılır. Gənclərin əmək bazarına hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Hər bir sahədə səmərəli idarəçiliyin ən mühüm amili peşəkar kadrların olmasıdır.Təbii ki, kadrlar istehsal prosesində yetişir və onların peşəkar, yüksəkixtisaslı statusu da müəyyən istehsalat təcrübəsi qazandıqdan sonra formalaşır. Lakin bütün bunların təməlində təhsilin verdiyi elmi biliklərin olduğu mübahisəsizdir. Bu səbəbdən də təhsil aldığınız dörd il ərzində qazandğınız biliklər gələcəkdə bacarıqlı kadr kimi əmək bazarında uğur gətirən əsas amil olacaq.
Əfsanə Eynullazadə müdafiə prosesinin sonunda rektor professor Elxan Hüseynova universitetdə tələbər üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi.
Mətbuat xidməti