İyulun 10-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın “2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda genişləndirilmiş iclası keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı, 2017-2018-ci tədris ilinin ümumi yekunları haqqında çıxış etdi, əldə olunmuş uğurlardan və universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məlumat verdi, nəticələrin qənətbəxş olduğunu bildirdi, mənimsəmə və keyfiyyət göstəricilərini müsbət qiymətləndirdi.
Rektor onu da vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Möhtərəm Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkəmizdə təhsilin bütün sahələri sürətlə inkişaf edir, gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Bu qayğının nəticəsidir ki, Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir.
Rektor onu da qeyd etdi ki, cari tədris ilində SDU-nun kifayət qədər uğurları olmuşdur. SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır. 2017 və 2018-ci illərdə elmlər doktoru proqramı üzrə doktoranturaya 14 nəfər iddiaçı qəbul olunmuşdur. Eyni zamanda 3337.01- İnformasiyaölçmə və idarəetmə sistemləri (sahələr üzrə) və 3303.01- Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə SDU-da Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən yaradılan diqqət və qayğının bariz nümunəsidir. Sonra rektor professor Elxan Hüseynov SDU-da texnoparkların yaradılması istiqamətində aparılan işlərin miqyasının artırılmasını bu sahədə dünyanın inkişaf etmiş universitetlərinin təcrübəsinin öyrənilməsini və yaxın perspektivdə texnoparkların yaradılmasına nail olunmasını tövsiyə etdi. Rektor onu da diqqətə çatdırdı ki, uğurlarımızla yanaşı, növbəti tədris ilində işimizi daha möhkəm qurmalı, universitetimizin inkişafı üçün bundan sonra da əzmlə çalışmalıyıq.
İclasda Tədris Metodiki Mərkəzin direktoru dosent İsabal Qurbanov bakalavriat səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasının, IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsinin və dövlət imtahanlarının, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Qiyabi təhsil üzrə yaz semestrinin imtahan sessiyasının, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov magistratura səviyyəsində yaz semestrinin imtahan sessiyasının və magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatları diqqətə çatdırdılar.
Sonra Elmi katib professor Muxtar Səmədov müzakirə və təsdiq üçün Elmi Şuraya daxil olan bakalavriat və magistratura səviyyələrində yeni ixtisasların tədris planları və nəşr hüququ (qrif) verilməsi üçün təqdim olunan tədris vəsaitləri barədə məlumat verdi. Müzakirələrdən sonra açıq səsvermə yolu ilə qərar qəbul edildi.
Müsabiqələrin keçirilməsi və elmi adların verilməsi məsələsində r.f.d Məftun Heydərovaya və r.f.d Fəxrəddin Əliyevə Riyaziyyat və onun tədrisi metodikası kafedrası üzrə, f.f.d Könül Mədədzadəyə isə Fəlsəfə, sosiologiya və politologiya kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması barədə müzakirə edildi və müvafiq qərar qəbul edildi.
Yekunda rektor professor Elxan Hüseynov universitetimizə qəbul olunan tələbələrin qeydiyyatı və digər təxirəsalınmaz işlər barədə göstəriş verdi. Qrafik üzrə məzuniyyətə çıxacaq olan və Elmi Şuranın bütün üzvlərinə, həmçinin bütün kollektivinə məzuniyyət dövründə səmərəli istirahət arzuladı. Bununla da Elmi Şuranın iclası sona çatdı.
Mətbuat xidməti