Sentyabrın 22-də Sumqayıt şəhərinin 65 illik yubileyi münasibəti ilə keçirilən təntənəli tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və çox saylı tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə əklil qoyuldu və dərin ehtiramla əziz xatirəsi yad edildi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sumqayıt özünün 65 illik tarixi ərzində böyük bir inkişaf yolu keçmiş, nəhəng sənaye şəhərinə və mədəni mərkəzə çevrilmişdir. Bütün bunların mənbəyində isə Sumqayıtı qurub yaradanların- inşaatçıların, kimyaçı və mühəndislərin, alim və müəllimlərin, bir sözlə, müxtəlif peşə və sənət adamlarının qadir əməyi dayanır. Bu gün Sumqayıtın sosial- mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, şəhər yeni bir inkişaf mərhələsini yaşayır. Bizim hər birimizə gün kimi aydındır ki, Ulu öndər Heydər Əliyev dəfələrlə Sumqayıtda olmuş, bu şəhərin iqtisadi və mədəni inkişafına, elm və mədəniyyətinin tərəqqisinə daim yüksək qayğı və diqqət göstərmişdir. Ümummilli liderimizin Sumqayıtın inkişafı ilə bağlı həyata keçirdiyi bütün tədbirlər indi möhtəşəm bir tarixə dönmüşdür və bu tarix sumqayıtlıların yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız milli müstəqilliyə nail olduqdan sonra Ulu öndərin Sumqayıta diqqət və qayğısı daha da artmışdır. Məhz bu unudulmaz şəxsiyyətin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazası əsasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Şəhərimizin yeganə ali təhsil ocağı olan SDU fəaliyyət göstərdiyi illər ərzində yüzlərlə yüksək səviyyəli mütəxəssislər yetişmişdir. Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də Sumqayıt şəhərinin inkişafı üçün bütün güc və qüvvəsini sərf edir. Son bir neçə ildə inşa edilən müxtəlif idman kompleksləri, sənaye obyektləri, təhsil və tibb ocaqları, mədəni mərkəzlər bu qayğının parlaq təzahürüdür. 2014-2015 –ci tədris ilində Sumqayıt Dövlət Universitetində yeni ixtisasların açılması, ildən ilə təhsilin keyfiyyətinin yüksəlməsi, abadlıq və quruculuq işlərinin böyük sürətlə genişlənməsi bunu bir daha təsdiqləyir. Sumqayıt Dövlət Universiteti 65 illik şərəfli tarixi özündə ucaldıb yaşadan Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyini və hər bir vətəndaşını təbrik edir, Sumqayıt şəhərinin daim sürətlə inkişafı yolunda onlara tükənməz enerji və uğurlar arzulayır.
Mətbuat xidməti