Martın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsində 2-3-cü yerlərə layiq görülmüş şagirdlərlə görüş keçirildi.
Görüşü SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq universitetin rektoru Elxan Hüseynovun adından, Sumqayıt şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu, şagirdlərin təhsil aldıqları məktəblərin direktorlarını və qalib şagirdləri salamladı, onları universitetimizdə görməyindən məmnunluğunu bildirdi. O çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi Azərbaycanın təhsil sistemində ən əhəmiyyətli hadisə kimi qəbul edilir, Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoymasının təzahürü kimi qiymətləndirilir. Strategiyada ölkəmizin inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində hədəflər müəyyənləşdirilir. Təhsil naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi ilə Dövlət Strategiyasının Fəaliyyət Planında təhsilin bütün pillə və səviyyələri üzrə gələcək tədbirlərin icrası ilə bağlı dəqiq və əhatəli işlər görülür, təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər istiqamətlər üzrə islahatlar həyata keçirilir.
Ulu öndərin başladığı milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Deyilənlərin bariz nümunələrindən biri olaraq "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsini göstərmək olar.
Professor Ramazan Məmmədov "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərində elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirdi.
Sonra çıxış üçün söz Sumqayıt şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərova verildi. Vaqif Ələkbərov "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinə görə təhsil naziri cənab Mikayıl Cabbarova, universitetin rektoru Elxan Hüseynova və şagirdlərin müsabiqəyə hazırlanmasında zəhmət çəkmiş professor-müəllim heyətinə öz təşəkkütünü bildirdi. "Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Bu müsabiqədə Sumqayıt şəhərinin TETG, TTEL, “Təfəkkür” və “İstedad” liseyləri, 31, 21 və 9 saylı tam orta məktəblərin ümumi təhsil müəssisələrinin IX-XI-ci siniflərdə təhsil alan 39 şagirdi, 19 layihə ilə iştirak edirdi. Müsabiqəyə təqdim olunan bu layihələrdən 6-sı II və III yerlərə layiq görülmüşdür.
Qalib gəlmiş şagirdlər və onların elmi rəhbərləri universitet rəhbərliyi tərəfindən diplom, pul mükafatı və hədiyyələrlə təltif olundular.
Sonda qonaqlar universitetdə yaradılmış müasir satandartlara cavab verən laboratoriya və auditoriyalarla tanış oldular, xatirə şəkilləri çəkdirdilər.
Mətbuat xidməti