Sumqayıt Dövlət Universitetinə qəbul olmuş tələbələrin qeydiyyatı başladı
SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativliyi ile seçilən gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir
Tələbə adınız mübarək!
Müstəqil Azərbaycan dövlətinin dünya ölkələri arasında nüfuzunun ildən-ilə yüksəlməsində, bütün sahələrdə çiçəklənib qüdrətli və tolerant bir respublika kimi tanınmasında elm və təhsilin böyük rolu vardır. Prioritet sahə olan təhsilin hərtərəfli inkişafı dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Bu istiqamətdə ali təhsil müəssisələrinin, o cümlədən Sumqayıt Dövlət Universitetinin qarşısında önəmli vəzifələr durur. SDU öz tarixi nailiyyətləri ilə qabaqcıl ali məktəblərlə bir sırada dayanaraq gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir ali təhsil ocağıdır. Sumqayıt Dövlət Universiteti milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksəktəhsilli, peşəkar kadrların hazırlanmasında genişmiqyaslı strateji məqsədləri əsas götürmüşdür. Universitetdə yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, bir çox struktur dəyişiklikləri, auditoriyalarda yeni quraşdırılmış “ağıllı” lövhələr, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulması, beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsi və sair bütünlüklə universitetin yeniliklərlə dolu zəngin mənzərəsini əks etdirir. İnnovativ təlim metodları və texnologiyalarından səmərəli istifadə, təhsilin məzmununun yeniləşməsində və keyfiyyətin yüksəlməsində beynəlxalq təhsil məkanına inteqrasiya universitetin təhsil sisteminin modernləşdirilməsi istiqamətində ən mühüm amildir. Bu baxımdan SDU təcrübə mübadiləsinə böyük maraq göstərir və onu həyata keçirir. Avropa ölkələrinin əksəriyyətinin qoşulduğu Boloniya təhsil prosesinin müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində Sumqayıt Dövlət Universiteti bu təhsil sisteminə daxil olduğu gündən inamlı addımlar atmışdır. Regionun və respublikamızın nüfuzlu ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir. Əldə olunan uğurların özülündə dövlətimizin məqsədyönlü və ardıcıl siyasəti dayanır. Respublika Prezidenti möhtərəm İlham Əliyevin elm və təhsilin inkişafına böyük önəm verməsi, “neft kapitalını insan kapitalına çevirmək” istiqamətində müəyyənləşdirdiyi kurs Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov tərəfindən uğurla gerçəkləşir.
Qeyd edək ki, hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə (Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya); 29 kafedra, 6 elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır. 2017 və 2018-ci illərdə elmlər doktoru proqramı üzrə doktoranturaya 14 nəfər iddiaçı qəbul olunmuşdur. Eyni zamanda 3337.01- İnformasiyaölçmə və idarəetmə sistemləri (sahələr üzrə) və 3303.01- Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə SDU-da Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən yaradılan diqqət və qayğının bariz nümunəsidir. Artıq 2018-2019-cu tədris ili üçün Sumqayıt Dövlət Universitetinin bakalavr pilləsinin birinci kursuna qəbul olunan abituriyentlərin sənəd qəbulu başlayıb.Xəbər verdiyimiz kimi Dövlət İmtahan Məqrkəzinin 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi başa çatıb, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Bu gündən SDU-ya 7 fakültə üzrə tələbələrin sənəd qəbulu başlayıb, sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Burada I kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə ciddi nəzarət olunur. Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, əvvəlcədən universitetin internet səhifəsində yerləşdirilib. Həmçinin universitetdə fəaliyyət göstərən 7 fakültənin dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Məlumat üçün bildirək ki, hazırda beş mindən çox tələbə və magistrantın təhsil aldığı universitetimizin hər üç korpusunda təmir işləri və genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir. Bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə böyük stimul verir. SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativliyi ilə seçilən gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır. Tələbə adınız mübarək!