Avqustun 30-da “ETS Global” təşkilatının nümayəndələrinin Azərbaycana olan 5 günlük işgüzar səfərinin növbəti günündə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə birlikdə ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş təşkil olundu. Tədbirdə Sumqayıt Dövlət Universitetini Xarici dillər kafedrasnın müdiri professor Nigar İsgəndərova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Linqvistik Mərkəzin əməkdaşı Aysel Eminova təmsil etdilər.
İclası giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xarici dil kimi ingilis dilinin hazırki informasiya əsrində vacibliyini qeyd etdi və ölkədə ingilis dilinin yüksək səviyyədə tədrisinin əhəmiyyətindən danışdı.
“ETS Global” təşkilatının Türkiyə bürosunun nümayəndələri: akademik və dövlət münasibətləri koordinatoru Zeynep Kaptan və biznes məsələləri koordinatoru Simla Yuceakın yerli imtahanların beynəlxalq səviyyəli imtahanlara uyğunlaşdırılması baxımından gələcək əməkdaşlıq imkanlarından bəhs edərək bu istiqamətdə ali təhsil müəssisələrini daha fəal olmağa səslədilər.
Bundan əlavə, “ETS Global” təşkilatının nümayəndələri müxtəlif tələblərə cavab verən imtahanlar, xüsusilə TOEFL imtahanı barəsində iştirakçılara ətraflı məlumat verərək bu sahədə ali təhsil müəssisələrinin DİM-in “ETS Global” təşkilatı ilə birgə əməkdaşlığına töhfə verməsinin vacib olduğunu qeyd etdilər. Ali təhsil müəssisələrinin mövcud imkanlarından, kadr potensialından istifadə etməklə ölkədə Azərbaycan dilində də beynəlxaq səviyyəli imtahanların təşkilinin mümkünlüyü vurğulandı. Görüş sual-cavabla, müzakirələrlə davam etdirildi.
Mətbuat xidməti