Yeni tədris ilində Amerikadan gələn müəllim köməkçisi SDU-da fəaliyyətə başlayacaq
Hər il olduğu kimi, bu il də Sumqayıt Dövlət Universiteti növbəti tədris ilinə öz uğurları ilə başalyır. Artıq 3 ildir ki, SDU Fulbrayt proqramı çərçivəsində əməkdaşlıq fəaliyyətini genişləndirməkdədir. Qeyd edək ki, Dana Donahyu, Keyla Morton da proqram çərçivəsində SDU-da bir il pedaqoji fəaliyyət göstərmişlər.
ABŞ-ın Fulbrayt proqramında iştirak etmək hüququ qazanmış Jack Morris 2018-2019-cu tədris ilində SDU English Teacher Assistant - İngilis dili müəlliminin köməkçisi olaraq fəaliyyət göstərəcəkdir.
Jack Morris 2015 – 2017–ci illərdə ABŞ-ın Texas ştatında San Antonio adına Trinti Universitetində təhsil almış, 2016–cı ildə Sankt Peterburq Dövlət Universitetində rusiyaşünaslıq və rus dili üzrə 4 aylıq kurs keçmiş, 2013–cü ildə Milli park xidməti üzrə federal hüquq-mühafizə təlimində olmuş, 2010–2012-ci illərdə Klaremont Kollecində Cəmiyyət və ətraf mühit üzrə təlim keçmiş, 2009–cu ildə Redland Universitetində Ətraf mühitin idarə edilməsi və dünya siyasəti üzrə kurs keçmişdir. İş təcrübəsi olaraq Milli Park Xitmətində sektor müdiri, Federal hüquq-mühafizə rəisi, Hüquq-mühafizə rəisi, Peşəkar xizək patrulu, Zərərin qarşısının alınması üzrə məsul şəxs vəzifələrində işləmişdir.
Qeyd edək ki, Fulbrayt proqramı 1945-ci ildən həyata keçirilməyə başlamışdır. Bu proqramın yaradılması ABŞ senatoru C.Vilyam Fulbraytın adı ilə bağlıdır. 1945-ci ildə senator Fulbrayt ABŞ Senatına "Təhsil, mədəniyyət və elm sahələrində beynəlxalq tələbə mübadiləsinə" dövlət dəstəyini təmin edən qanun layihəsi təqdim etmişdir. Bu layihə ABŞ Senatı tərəfindən qəbul edildiyi gündən Fulbrayt proqramı çərçivəsində ABŞ universitetlərinin məzunları, professorları və ingilis dili mütəxəssisləri dünyanın 72 ölkəsində dərs demək və elmi-tədqiqat işləri aparmaq hüququ qazanırlar.
Proqram çərçivəsində ingilis dili müəllimlərinə yardımçı olmaqla yanaşı, "Conversation Class" (danışıq dərsi) aparılması, mədəni tədbirlərin keçirilməsi, Amerika mədəniyyəti, tarixi haqqında biliklərin tələbələrlə paylaşılması da planlaşdırılır. Eyni zamanda Azərbaycana aid biliklər: mədəniyyətimiz, dilimiz və tariximizlə bağlı seminarlar təşkil olunacaqdır. "Danışıq dərsləri" həm müəllimlər, həm də tələbələr üçün aparılacaq.
Mətbuat xidməti