2018-ci ilin oktyabr ayında keçiriləcək “Education Azerbaijan–2018” adlı təhsil sərgisi ilə bağlı Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif görüşlər həyata keçirilir. Onlardan biri də sentyabrın 11-də Hyatt Regency hotelində keçirilən “Sərgidən səmərəli istifadə” adlı seminar oldu. Sumqayıt Dövlət Universitetini bu tədbirdə Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Aliyə Xəlilbəyli təmsil etdi.
Görüşdə 30 nəfərə yaxın müxtəlif universitetlərin nümayəndələri, müəssisə rəhbərləri və mətbuat xidmətinin nümayəndələri iştrak etdilər. Həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Sabah qrupları, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Fransız-Azərbaycan Universiteti, Maarifçi Tələbə Kredit Fondu və Celte LLC(CELT Colleges) və digər qurumlar iştrak etdilər. Görüşün məqsədi sərgilərdə iştirak təcrübəsini sistemləşdirmək və daha da zənginləşdirmək, “özünə kənardan nəzər salmaq” və geniş yayılmış xəta və stereotiplərdən uzaqlaşmağa şərait yaratmaq, habelə sərgilərdə maksimum nəticələr əldə etmək üçün nə etmək, ən əsası isə, necə etmək lazım olduğunu göstərməkdir. Eyni zamanda müxtəlif universitetlər, müəssisə və təşkilatlar haqqında ziyafət iştirakçılarına məlumat vermək, müəssisələr arasında əlaqələrin genişləndirmək idi.
Sərgi təşkilaçısı olan CEO şirkəti baner, stend, buklet, reklam çarxlarının əhəmiyyəti və səmərəliliyini vurğuladılar. Tədbirdə sərgilənəcək layihələrin vacibliyi, SWOT analizinin rolu kimi məsələlərə toxunuldu.
Görüşdə ayrı-ayrı təhsil müəssisələrinin nümayəndələri gələcək əməkdaşlığın prespektivləri haqqında müzakirələr keçirdilər və fikir mübadiləsi apardılar.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti “Education Azerbaijan–2018” təhsil sərgisində iştirak üçün gərgin hazırlıq işləri aparır.
Mətbuat xidməti