SDU yeni tədris ilinə hazırdı
Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi, cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti yeni dərs ilinə hazırdır. Hər zaman olduğu kimi, bu il də universitetimiz yeni tədris ilinə bir sıra yeniliklərlə başlayacaq. Artıq bütün hazırlıqlar tamamlanıb, universitet səbirsizliklə tələbələrinin yolunu gözləyir. Sumqayıt Dövlət Universitetində bu gün əmək bazarına cavab verən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu layihələr gerçəkləşir. Həmçinin tədris prosesində əldə edilən bilgilərin təcrübədə tətbiqi – bu, Sumqayıt Dövlət Universitetinin əsas hədəfidir.
Bu gün Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində inkişaf və fərqlilik göz önündədir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsində, laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və müasir tələblərə cavab verəcək yeni laboratoriyaların, fənn kabinetlərin yaradılmasında, əsas tədris binasının üzlənməsi istiqamətində böyük işlər görülmüşdür. Eyni zamanda universitetdə tədris, elmi-tədqiqat və idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları da əsaslı keyfiyyət dəyişiklərinə zəmin yaratmışdır. Bütün bu uğurlara nail olmaq üçün rəhbərlik və pedaqoji heyət böyük əzmlə çalışır.
Yay tətili dövründə başlanan əsaslı təmir işləri universitetin bütün tədris binalarında aparılmış, bütün laboratoriyalar, tədris otaqları yeni cihaz, avadanlıq və videokamera ilə tam təchiz olunmuşdur. Kimya və biologiya fakültəsində hərbi ixtisasa yiyələnən tələbələr üçün hərbi topoqrafiya və taktiki hazırlıq kabineti yaradılmış, Tarix və coğrafiya fakültəsində yeni tədris ili ilə əlaqədar olaraq, “Vətən tarixi”, “Ümumi tarix”, Fəlsəfə, sosiologiya və politologiya fənn kabinetləri yaradılmış, Mühəndislik fakültəsində Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov metrologiya və standartlaşdırma kafedrasının müdiri Qurban Abdullayev tərəfindən elmi yaradıcı qrup yaradılaraq, mexaniki yığım əməliyyatlarını yerinə yetirən kran manipulyatorun konstruktor-layihələndirmə cizgiləri çəkilmişdir (müəllif: Ziyafət Bağırov) və bu eskiz sənədləri əsasında real obyektin işçi layihəsi işlənmişdir. Kran manipulyatorun işə salınması üçün tələb olunan telfer, pnevmosilindr, kompressor, və digər texniki vasitələr alınaraq, işçi layihənin real obyekti qurulmuşdur və sınaqdan keçirilmişdir. Həmçinin ali təhsil müəssisəsində əlavə nəzəri və praktiki ixtisas biliklərinə yiyələnmək üçün innovativ təlim-tədris mərkəzinin yaradılması məqsədi ilə Sumqayıt Dövlət Universitetində texnoparkın tədris-təlim mərkəzi yaradılması istiqamətində işlər sürətlə gedir.
Yeni tədris ilinə hazırlıq məqsədi ilə Filologiya fakültəsində bir çox işlər görülmüşdür. Dilçilik kabineti tələbələrin dərs zamanı məlumatlanacağı və faydalanacağı stendlərlə təhciz edilmiş, dərs vəsaitləri və kitablarla təmin edilmişdir. İndilis dili dərslərinin aparılması üçün linqafon kabineti təmir olunmuş, dilin tarixi və qaydalarının tədrisi zamanı verilən biliklərin zənginləşdirilməsində dəyərli olacaq stendlərlə təhciz olunmuşdur. Hər iki kabinetdə olan dəyişiklik tələbələrin elmə marağını daha da artırmaq, müəllim işini daha səmərəli etmək üçün nəzərdə tutulmuşdur. Tədris zamanı təlim və tərbiyə işlərinə daha yaxşı nəzarət etmək məqsədi ilə bir çox otaqlara kamera çəkilmişdir. Bu metod səmərə verərsə, digər tədris otaqlarının da kamera ilə təhciz olunacağı planlaşdırılır.Dekanlığın dərs cədvəli və məlumat lövhəsi, eləcə də bütün kafedraların məlumat lövhələri dəyişdirilərək yeni dizaynla tələbə və müəllimlərin rahat və geniş şəkildə istifadəsinə verilmişdir.
Tələbə və müəllim heyətinin tədris binasında rahatlığını təmin etmək məqsədi ilə birinci mərtəbənin ikinci girişi və dəhlizinin döşəməsi dəyişdirilərək laminantla əvəz olunmuşdur.
Qeyd edək ki, yaradılan şərait tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasına xidmət edir.
Mətbuat xidməti