SDU-da TVINNINQ layihəsi çərçivəsində görüş keçirildi
Sentyabrın 18-də Sumqayıt Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni Tvininq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirildi.
Görüşdə Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorunun müavini, Fizika fakültəsinin dekan müavini, UFAZ Universitetinin Elmi Şurasının həmsədri Filip Turek, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin rezident Tvinninq müşaviri (koordinatoru) Liza Baydanova, Rezident Tvinninq müşavirinin assistenti Aytac Atakişiyeva, rezident Tvinninq müşavirinin tərcüməçisi Tərlan Arzumanov iştirak etdilər.
Qonaqları Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov qəbul etdi, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən Tvininq layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənəyə çevrilmişdir. Dünyanın aparıcı universitetlərlə təcrübə mübadiləsi aparmaq məqsədi ilə universitetimiz müxtəlif universitetlərarası assosiasiyalara üzv olmuşdur. Həmçinin Beynəlxalq layihə və proqramlar üzrə də bir çox nailiyyət əldə olunmuşdur. Prorektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin iştirakçılarına təşəkkürünü bildirdi, əminliklə vurğuladı ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvininq layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verəcək.
Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorunun müavini, Fizika fakültəsinin dekan müavini, UFAZ Universitetinin Elmi Şurasının həmsədri Filip Turek çıxış edərək bu layihənin ali təhsilin keyfiyyətin yüksəldilməsinə səmərəli təsir edəcəyini bildirdi. Qeyd etdi ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsi Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (AATM) tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinə dəstək verən bir layihədir. Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. Qeyd edək ki, layihənin icrasına 2018-ci ilin aprel ayında start verilib. Layihənin icrası üçün Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium qalib seçilmişdir.
Sonra qonaqlar Fizika və elektroenergetika fakültəsində oldular. Dekan dosent Tamella Əhmədova fakültənin fəaliyyətindən, dərs prosesinin təşkilindən və layihənin əhəmiyyətindən söhbət açaraq maraqlı təkliflər irəli sürdü. Müzakirələr zamanı layihənin Azərbaycanın ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, həmçinin SDU-da təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıldı.
Avropalı ekspertlər laboratoriyalarda əyani vəsaitlər və avadanlıqlarla yaxından tanış oldular.
Qonaqlar da görüşün yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti