Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başladı
Sentyabrın 27-də Bakıda, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başladı.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak etdilər.
Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibdə iclası keçirildi. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etdilər.İclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu vurğuladı. Nazir qeyd etdi ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik çıxışlarında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd etdilər.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin, “Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanov və digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışdılar.
Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalandı. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzaladılar. Hazırda IX Azərbaycan-Rusiya Regionlararası Forumu Heydər Əliyev Mərkəzində və Bakı Biznes Mərkəzində təşkil olunmuş 7 istiqamət üzrə (sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə) “dəyirmi masa”larla davam etdirilir.
Bakıda təşkil olunmuş doqquzuncu Azərbaycan-Rusiya regionlararası Forumu çərçivəsində "Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. Deyib ki, hər iki ölkənin prezidentləri ikitərəfli münasibətlərin genişlənməsini daim diqqətdə saxlayırlar.“Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris həm də rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində də tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır” - deyə, F.Qurbanov bildirdi. O qeyd etdi ki, azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Hər il ölkəmizdə rus dili olimpiadaları keçirilir. Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bundan əlavə, 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan Dili Mərkəzi fəaliyyət göstərir. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) prorektoru Artyom Malgin bildirdi ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Azərbaycanda rus dili, mədəniyyəti qorunub saxlanılıb, ruslar rahat şəraitdə yaşayırlar. Prorektor Rusiya-Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdı.Qeyd edək ki, IX Azərbaycan-Rusiya Regionlararası Forumunda Sumqayıt Dövlət Universitetini Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov təmsil etdi.
Sonra "dəyirmi masa" çıxışlarla davam etdirildi.
Mətbuat xidməti