Martın 16- da  Sumqayıt Dövlət Universitetinin rektoru Elxan  Hüseynov və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov arasında görüş  keçirildi.
  SDU-nun rektoru Elxan Hüseynov cənab  səfiri universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi.
  Görüşdə rektor Elxan Hüseynov ali məktəbin yaranma  tarixi, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib, ölkəmizdə  təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən,  dövlət proqramlarından danışdı. Sonra   Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata  keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi  sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Rektor ölkələrimiz arasında  əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş  xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu  münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi.
  Rektor Elxan Hüseynov 2002-2010-cu illərdə  Azərbaycan Respublikasının   Türkmənistanda  Fövqəladə və  Səlahiyyətli  səfiri işlədiyi dövrdən,  Ulu Öndər Heydər Əliyevin  Türkmənistan  ilə siyasi, iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verdiyini, bu  gün bu siyasətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev  tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Rektor  səfir olduğu müddətdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla dəfələrlə görüşdüyünü və  Azərbaycana olan səmimi münasibətini xüsusi qeyd etdi. 
  Rektor təhsil sahəsində əməkdaşlığın  genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə  proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının,  hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq  bazasının genişləndirilməsinin önəmini qeyd etdi.  Bildirdi ki, son  bir ildə Sumqayıt Dövlət Universitetində Xarici dil,  riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər  təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata  keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır.   Bu gün qarşıda əlavə yeni ixtisasların  açılması nəzərdə tutulub.Hazırda universitetimiz  Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. Proqramda ən vacib  işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya  prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa  standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.
  Səfir  Toyli Komekov  Azərbaycan və Türkmənistan prezidentlərinin dostluğu və  qardaş münasibətləri sayəsində ölkələrimiz arasında münasibətlərin hərtərəfli  inkişaf etməsindən və dostluq əlaqələrinin yüksək səviyyədə olmasından danışdı. Onun sözlərinə görə, iki xalq arasında münasibətlər  qədim ənənələrə malikdir. Səfir  Türkmənistanın  çoxəsrlik dostluq əlaqələrinin və xalqların mədəni-mənəvi ənənələrinin tarixi  ümumiliyinin bağlandığı ən yaxın qonşularla, o cümlədən, Azərbaycanla səmərəli  dialoqun qurulmasını Türkmənistanın yürütdüyü xarici siyasətin strateji  vektorlarından biri olduğunu söylədi.   Təhsil sahəsindəki əməkdaşlığın  əhəmiyyətini qeyd edən səfir, SDU ilə Türkmənistan universitetləri arasında  əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğuladı. 
  Səfir universitetin rektoru Elxan Hüseynova Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun diqqət və qayğısı sayəsində türkmən  dilinə tərcümə olunmuş yazıçı Hüseynbala  Mirələmovun Ulu Öndər Heydər Əliyevə həsr  olunmuş əsərini  təqdim etdi. Sonra səfir  Toyli Komekov “Türkmənistanın xarici siyasəti və diplomatiyası” , “Canlı  əfsanə” və başqa kitab və jurnalları hədiyyə etdi.
  Səfir səmimi münasibətə görə rektor Elxan Hüseynova  təşəkkür etdi və onu Türkmənistana dəvət etdi.
  Rektor  Elxan Hüseynov diplomatı universitetin Heydər Əliyev Mərkəzi ilə tanış etdi. Türk  dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu   Heydər Əliyevin qranitdən hazırlanmış  barilyefi, ona aid kitablar və sənədlər qonağın marağına səbəb oldu. 
Sonda qonağa universitetin  plan –prospektini özündə əks etdirən gündəlik hədiyyə  olundu.
Mətbuat xidməti