Rektor yüksək bal toplamış tələbələrlə görüşdü
Yeni dərs ilinin başlanması hər bir təhsil müəssəsində yeni ideyaların təbliğini, ilk tələbə adı qazanan gənclərin sevinc, səadət dolu anlarını özündə yaşadır. Taleyini SDU ilə bağlayan, seçdiyi peşənin sirlərini bu elm-tədris ocağında öyrənməyi qarşısına məqsəd qoyan I kurs tələbələrinin şəxsən rektor tərəfindən qəbul edilməsi onlarda stimul yaradır. Oktyabrın 10-da Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 2018-2019-cu tədris ilində yüksək bal toplamış tələbələrlə görüşdü.
Tələbəlik illərinin sevincinin, həyəcanının ilk günlərini yaşayan gənclər ilə görüşən rektor professor Elxan Hüseynov onları təbrik etdi, “Tələbəlik illəri ömrün ən şirin, qayğılı günləri olsa da, uğurlu gələcəyə ümidi, inamı ifadə edir. Sizinlə artıq ikinci dəfədir ki, görüşürük. İlk dərs günü, Bilik günündəki görüşümüzdə qeyd etdiyim kimi, gənclik ölkəmizin, dövlətimizin, millətimizin gələcəyidir. Bu işıqlı gələcəyi müəyyənləşdirmək üçün valideynlərin və müəllimlərin hər bir gəncin həyatında xüsusi yeri vardır. Onların sizə göstərdiyi qayğı və diqqət işıqlı gələcəyinizə hesablanır. Əziz tələbələr! Universitetin rəhbər strukturlarını təmsil edən ziyalıların sizinlə görüşməsinin Bilik günündən müəyyən müddət sonraya təsadüf etməsi sizin təlim-tədris prosesinə adaptasiya olmağınız, sinif otaqlarından sonra auditoriya aurasına alışmağınız üçün idi. Şübhəsiz ki, bu zaman çərçivəsində bunu hər biriniz yaşadınız. Ali məktəbi orta məktəbdən fərqləndirən cəhətləri ayırd etdiniz. İKT-nin son nailiyyətləri ilə tətbiq olunan auditoriyalarda öz sahəsinin tanınmış, nüfuzlu alimləri olan müəllimlərinizlə tanış oldunuz. Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də qəbul edilən bir alim kimi əsərlərinə istinad olunduğunu gördünüz. İnanıram ki, sizə professor-müəllim heyəti tərəfindən göstərilən diqqət və qayğıda valideyn məhəbbətini hiss etdiniz. Əziz tələbələr! Biz bu gün universitet rəhbərliyi olaraq sizi dinləmək, suallarınıza cavab vermək, duyğu və düşüncələrinizlə tanış olmaq istəyirik. Onu da qeyd edim ki, universitetimizin qürurla adı çəkiləcək məzunları olub. Onların sırasında Vətən üçün canını belə fəda etməkdən çəkinməyən qəhrəman oğullarımızın olması nə qədər kədərli olsa da, bizə qürur verir. Çünki universitetin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, əsl universitet həm də böyük vətənpərvər qəhrəmanlar yetişdirməlidir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifəni, təlim-tərbiyə işini yerinə yetirmiş olur. Düzgün qurulmuş təhsil siyasəti və onun başlıca istiqamətləri müasir Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edir. Ulu Öndərimizin müdrik kəlamlarının birində deyildiyi kimi, “Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Təhsilin prioritet vəzifələrini ifadə edən bu sözlər böyük uzaqgörənliklə Azərbaycanın bugünündən onun parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib, həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və mövqeyi vardır. Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Prezident cənab İlham Əliyevin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Bu gün dövlət başçısı tərəfindən aparılan siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmək üçün unikal imkanları yaranıb”.
Gənclərin nailiyyətləri ilə qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu bildirdi. Regionun və respublikamızın nüfuzlu ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir. Bu ali təhsil müəssisəsi fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini vermiş, nəinki respublikamızın, o cümlədən dünyanın bir sıra ölkələri üçün də yüzlərlə alim və mütəxəssis hazırlamış, böyük zəhmət hesabına məsuliyyətli və şərəfli bir yol keçmişdir. Sumqayıt Dövlət Universiteti kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etmiş, illər keçdikcə mütəxəssis hazırlığının sayı artmış və məzunlarının hesabına Sumqayıt sənaye müəsissisələrində kadr problemləri tədricən həll olunmuşdur. Sevindirici haldır ki, son illər Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. Bir qrup məzunumuz yeni tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayıb. Ölkə başçısının həyata keçirdiyi gənclər siyasəti, gənclər üçün yaratdığı imkanlar hər bir Azərbaycan gəncinin təhsil və ictimai fəaliyyətdə öz bacarığını nümayiş etdirməsinə səbəb olub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasəti öz unikallığı və çox şaxəliliyi ilə digər dövlətlər tərəfindən öyrənilir və nümunə göstərilir. Sumqayıt Dövlət Universiteti Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq uğurlu addımlar atır, dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir.Onu da qeyd edim ki, universitetdə yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, Linqvistik Mərkəz, auditoriyalarda yeni quraşdırılmış “ağıllı lövhələr”, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulması, elektron kitabxana universitetin nüfuzunu daha da artırır.
Rektor görüşdə onu da qeyd etdi ki, SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır. Eyni zamanda Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə SDU-da Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən yaradılan diqqət və qayğının bariz nümunəsidir.
Rektor tələbələrə SDU-nun ictimai-sosial həyatında da fəal olmağı tövsiyə etdi, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı və tələbələri maraqlandıran sualları cavablandırdı, səsləndirilən təkliflər yerindəcə həll olundu.
Tələbələr də göstərilən diqqətə görə rektor professor Elxan Hüseynova təşəkkür edərək ölkəmiz üçün potensiallı mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını vurğuladılar.
Mətbuat xidməti