Komandamız “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında sertifikata layiq görüldü
Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışı keçirildi.
Tədbirdə Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olundu.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.
Tədbirdə qeyd edildi ki, “Heydər Əliyev və Azərbaycan tarixi” Ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi.
O da qeyd edildi ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak etdi.
Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olundu.
Müsabiqə 3 turda keçirildi və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, Ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirildi. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edildi və mükafatlandırıldı. Qeyd edək ki, yarışda iştirak edən 47 ali təhsil müəssisəsindən Sumqayıt Dövlət Universitetinin komandası sertitifikata layiq görüldü.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olundular.
Mətbuat xidməti