Elmi Şuranın növbəti iclası keçirildi
Oktyabrın 19-da universitetdə Elmi Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq Sumqayıt Dövlət Universitetin elmi potensialın gücləndirilməsi, elmi kadrların hazırlanması istiqamətində görülən işləri qarşıya qoyulan və gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev Sumqayıt Dövlət Universitetində qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vacib məsələlər haqqında ətraflı danışdı. Bildirdi ki, universitetin qış mövsümünə hazır olması, istilik, elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb. Qazanxanalara baxış keçirilib. Noyabrın 1-dən universitetin hər üç tədris binası istiliklə təchiz olunacaq.
Rektor qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını da verdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov 2018–ci ilin ikinci yarısında SDU-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslara hazırlığın gedişi haqqında geniş çıxış edərək qeyd etdi ki, son illər universitetimiz digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrin qurulması istiqamətində də mühüm addımlar atır, beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına mühüm yer ayırır. Nümayəndə heyətimiz keçirilən forum, konfrans və görüşlərdə müntəzəm iştirak edir, bu sahədə olan nailiyyətlərdən, innovasiyalardan bəhrələnərək təcrübələrini paylaşır. Beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsi universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Universitetimizin beynəlxalq və respublika səviyyəli elmi konfranslara ev sahibliyi etməsi artıq ənənə halını alıb. Belə ki, 2018–ci ilin ikinci yarısında SDU-da iki beynəlxalq və bir respublika səviyyəli elmi konfrans keçirilməyi nəzərdə tutulub.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov SDU-nun nümayəndə heyətinin Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXI Baş Assambleyasında Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova SDU-nun nümayəndə heyətinin Kazan Dövlət Energetika Universitetinin 50 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı və SDU ilə KDEU arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının baş müəllimi Xəyalə Əliquliyeva SDU əməkdaşlarının Minsk şəhərində keçirilən “Bərk cisim fizikasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirakları haqqında hesabat verdilər.
Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya iki dərs vəsaiti və altı fənn proqramı daxil olub. Həmin tədris vəsaitlərinə uyğun elm sahələri üzrə Redaksiya və nəşriyyat şurasının bölmələrində və universitetin Tədris-metodiki şurasında baxılıb, ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilib.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Elmi katib professor Muxtar Səmədov müzakirə olunan məsələlərin qərarı ilə şura üzvlərini tanış etdi və qərarlar yekdilliklə qəbul edildi.
Mətbuat xidməti