İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları sertifikata layiq görüldülər
Oktyabrın 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə «İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər» adlı Beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, yerli alimlər və mütəxəssislərlə yanaşı, xarici ölkələrin tanınmış universitetlərinin alimləri də iştirak etdilər. Açılış nitqi ilə çıxış edən universitetin rektoru professor Havar Məmmədov konfrans iştirakçılarını salamladı. Beynəlxalq konfransın İqtisadiyyat və idarəetmədə davamlı inkişaf mövusuna həsr olunmasının təsadüfi olmadığını qeyd etdi. Bildirdi ki, konfransın işində Azərbaycanın 30-a yaxın elmi-tədqiqat müəssisəsindən və eyni zamanda Rusiya, Türkiyə, Malayziya, Macaristan, Gürcüstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən 150-yə yaxın məqalə və tezis göndərilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudov qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və konfransda aparılan elmi müzakirələrin əhəmiyyətindən danışdılar.
Konfrans işini bölmə iclaslarında davam etdirdi. Universitetimizin Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşları dosent Loğman Abdullayev, assent Dilarə Əmiraslanova, laborantlar Çiçək Nəcəfova, Çinarə Quluzadə iştirak edərək sertifikata layiq görüldülər.
Mətbuat xidməti