Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “İdeyadan Biznesə” startap turunun respublika üzrə qalibi seçildi
Yerləşdirilmə tarixi : 29 Oktyabr 2018 12:56
Tələbələrimiz “İdeyadan Biznesə” startap turunun respublika üzrə qalibi seçildi
Bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının oktyabrın 26-da finalı oldu.“İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak etdi.
Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu “İnnoEkspo” sərgisinə ekskursiya edərək, “Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış oldular. Daha sonra startap turunun final mərhələsi başladı. Öncə, 8 regionu əhatə edən startap marafonuna dair videoçarx nümayiş olundu.
Təbdiri giriş sözü ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə açaraq layihənin reallaşdırılmasına dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə, Azərbaycan Gənclər Fonduna, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına, “Microsoft” və “Azercell” şirkətlərinə, eyni zamanda ali təhsil müəssisələrinin rəhbərlərinə yaratdıqları şərait üçün təşəkkürünü bildirdi, qeyd etdi ki, “7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatıldı. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazandı. Ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirildi. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var. Məhz bu səbəbdən ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Bildiyiniz kimi, Nazirlik İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı vasitəsilə startaplara biznes ideyalarının reallaşdırılmasına dəstək verir. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşünmə tərzini inkişaf etdirmək, gəncləri aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçiririk. Nazir layihə çərçivəsində nazirliyin koordinatorluğunda informasiya və kommunikasiya texnologiyaları sahəsində “İnvestorlar klubu” yaradıldığını da qeyd etdi. O bildirdi ki, “İnvestorlar klubu” informasiya və kommunikasiya texnologiyaları sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bu klub həmçinin startapçıların ideyalarının reallaşdırılmasına dəstək ola bilər. Biz startap hərəkatının daha da genişləndirilməsi, ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”. Daha sonra nazir finalda yarışacaq komandalara uğurlar arzuladı.
Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırdılar.
Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlara layiq görüldü.Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex” (I yer), “Smart Reaktor” (II yer) və “Noahland” (III yer) komandaları oldu. Sumqayıt Dövlət Universitetini təmsil edən “Smart Reaktor” komandası təqdim etdiyi layihəyə görə II yerə layiq görüldü. Qeyd edək ki, layihə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.
I yerin qalibi 10 min manat, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğlə mükafatlandırıldı.
Milli finalda qalib gələcək layihə sahibləri 4-7 dekabr tarixlərində təşkil ediləcək 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə etdilər. “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az