“Azərbaycan arxeologiyasının əsasları” dərs vəsaitinin təqdimatı keçirildi
Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetində tarix elmləri doktoru, tanınmış arxeoloq Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirildi. Təqdimatda respublikamızın tanınmış alimləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər. Təqdimatda çıxış edən SDU-nun rektoru professor Elxan Hüseynov kitabın əhəmiyyətindən, Azərbaycan arxeologiya elmində müstəsna xidmətləri olan Qafar Cəbiyevin geniş şaxəli fəaliyyətindən söhbət açdı. Bildirdi ki, Azərbaycan ən qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları aşkar edilmiş və Azərbaycan ərazisinin ən qədim sivilizasiya mərkəzlərindən biri olması elmi faktlarla sübuta yetirilmişdir. Rektor onu da qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev tarixi keçmişimizin elmi tədqiqinə və təbliğ olunmasına xüsusi qayğı göstərmiş, bunun nəticəsində, tarixçilərimiz xalqımızın keçdiyi uzunmüddətli inkişaf dövrlərini yenidən tədqiq etməyə başlamışlar. Bu gün Prezident cənab İlham Əliyevin tarix elminə və xüsusən arxeologiya sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu istiqamətdə böyük uğurlar əldə edildi. Tanınmış arxeoloq Qafar Cəbiyevin qələmə aldığı dərs vəsaitində müxtəlif dövrlərə aid abidələr və orada aparılan tədqiqatların nəticələri əksini tapıb. Mətnlə uzlaşdırılan foto və rəsmlər əsərin əyaniliyini və elmiliyini daha da artırır, abidələr haqqında tam təsəvvür yaradır və onu daha oxunaqlı edir. Rektor onu da diqqətə çatdırdı ki, arxeoloji qazıntılara, çoxsaylı araşdırmalara əsaslanan bu əsər elm və təhsil ictimaiyyətinə təqdim edilən sanballı dərs vəsaiti, eyni zamanda ciddi tədqiqat işidir. Kitabın maraqlı bölmələrindən biri XX əsr görkəmli Azərbaycan arxeoloqlarının həyat və yaradıcılıqları haqqında ilk dəfə verilən bioqrafik oçerklərdir. Bu isə həm elmi, həm də tərbiyəvi əhəmiyyətə malikdir.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, dosent Bəhram Məmmədli, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Xasayev, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix elmləri doktoru, professor Kamil İbrahimov, “MİRAS” İctimai Birliyinin sədri Fariz Xəlilli və tələbələr çıxış edərək bildirdilər ki, yenicə nəşrdən çıxan “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli və dərin məzmunlu əsər tarixşünaslıq baxımından böyük əhəmiyyət kəsb edir. Çünki tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin qələmə aldığı bu kitabda tariximizin bütün dövrlərini özündə yaşadan çoxsaylı arxeoloji abidələr barədə ətraflı bəhs olunur. Əsər əsasən Arxeologiya ixtisası üzrə doktorant və dissertantlar, habelə ali məktəblərin magistratura və bakalavr pilləsində tarix ixtisası üzrə təhsil alanların dərs vəsaiti kimi istifadəsi üçün nəzərdə tutulur.
Tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev çıxış edərək təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə SDU-nun rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Qeyd etdi ki, son zamanlar ölkəmizdə aparılan araşdırmalar nəticəsində mədəniyyət, tarix və abidələr, arxeologiya və etnoqrafiya, təbii sərvətlər müxtəlif tədqiqatların predmetinə çevrilib. Yeni elmi istiqamətlər müəyyənləşdirilib və bir sıra uğurlu nəticələr əldə olunub. Bununla yanaşı, aparılmış arxeoloji ekspedisiyalar nəticəsində mühüm elmi dəyərə malik olan materialların əldə edilməsi də “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin işıq üzü görməsinə zəmin yaratdı. Mənim uzun illər boyu apardığım araşdırmalar, elmi-tədqiqatlar bu əsərdə cəmlənib. Müəllif dərs vəsaitini gənclər üçün töhfə adlandırdı.
Sonra təqdimatda tələbələrin sualları cavablandırıldı, maraqlı fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti