Zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirildi
Noyabrın 1-də Sumqayıt Dövlət Universitetində Zərərli vərdişlərə qarşı tələbələr üçün maarifləndirici tədbir keçirildi.
Tədbiri universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov açaraq gənclərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumat verdi. Bildirdi ki, məqsəd gəncləri siqaret, alkoqol, narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Sumqayıt Dövlət Universiteti vaxtaşırı olaraq tələbələrlə bu istiqamətdə görüşlər keçirir, onlara sağlam həyat tərzini aşılayırlar. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz. Ümumiyyətlə, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, siqaret, alkoqol, narkomaniya kimi pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması dövlətin əsas prioritetlərindəndir.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimləri Gülnarə Ələkbərli, İlhamə Şammədova, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Günel Rəhimova gənclərə siqaretin, alkoqolun, narkomaniyanın həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqol asılılığı ilə mübarizənin yolları haqqında məlumat verdilər. Bildirdilər ki, müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də siqaret çəkmədir. Bu pis vərdiş və toksikomaniyanın bir forması olub, demək olar ki, dünyanın bütün ölkələrində geniş yayılmışdır və onunla mübarizə ümumdünya probleminə çevrilmişdir. Dünyanın bir çox ölkəsində siqaretə qarşı təbliğat kampaniyaları başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu məsələ ilə bağlı ciddi mübarizə aparılır. Bu istiqamətdə atılan məqsədyönlü addımlardan biri də “İctimai yerlərdə siqaret çəkməni məhdudlaşdıran qanun”dur. Qanunda müəyyən yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması ilə yanaşı, siqaretin zərərli təsirləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə də geniş yer verilib. Bu da sağlam gələcək, xüsusilə də, yeniyetmə və gənclərin gələcək həyatı üçün çox aktualdır. Natiqlər zərərli vərdişlərin insan həyatında oynadığı mənfi rolunu qeyd edərək, gənclərə xoşbəxt gələcəkləri naminə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdilər. Qeyd etdilər ki, siqareti hər bir şəxs tərgidə bilər. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar.
Tədbirdə “Siqaretin zərərləri” haqqında qisametrajlı film nümayiş etdirildi.
Mətbuat xidməti