Tələbələrimiz Sumqayıt Elektrik Stansiyasına ekskursiya etdilər
SDU-nun Fizika və Elektroenergetika fakültəsinin "Elektrotexnika və energetika" və "Elektromexanika" kafedralarının müəllimləri və bir qrup tələbələr kafedra müdiri dosent Nadir Hacıbalayevin rəhbərliyi ilə noyabrın 3-də Sumqayıt Elektrik Stansiyasında və 330/220/110 kV-luq Yaşma yarımstansiyasında stansiyanın avadanlıqları ilə yaxından tanış olmaq məqsədi ilə ekskursiyada oldular.
Ekskursiyada iştirak edən nümayəndə heyətimizi əvvəlcə Sumqayıt Elektrik Stansiyasında stansiyanın direktoru Mahir Xeyirbəyov səmimi qarşıladı və stansiya haqqında geniş məlumat verdi. Bildirdi ki, “son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da, əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmiş və istifadəyə verilmişdir. Keçmişdə elektrik stansiyalarının, o cümlədən də su elektrik stansiyalarının inşasına, quraşdırma və başqa işlərə, adətən, Rusiyadan, digər respublikalardan bir çox mütəxəssislər dəvət edilirdi.Bu işləri onlarsız görmək mümkün deyildi, amma indi elektrik stansiyalarının tikilməsində ixtisaslaşmış inşaatçı kadrlar - quraşdırıcılar, qaynaqçılar, mühəndislər, texniklər - bizim milli kadrlarımız yüksək peşəkarlıq göstərirlər. İnanıram ki,sizdə onlardan biri olacaqsınız”.
Stansiyanın direktoru M. Xeyirbəyov onu da qeyd etdi stansiya "SİMENS" şirkəti (ALMANİYA) tərəfindən Sumqayıt 1№ -li İstilik Elektrik Mərkəzinin bazasında yenidən qurulmuşdur. Stansiyada buxar turbinləri ilə yanaşı, qaz turbinləri də mövcuddur. Növbə rəisi Tofiq müəllim isə stansiyadakı bütün istilik avadanlıqları ilə tələbələri tanış etdi. Həmin avadanlıqların iş prinsipi və onların ilkin parametrləri haqqında məlumat verdi. Məlum oldu ki, stansiyada iki qazan, iki turbin (qaz-buxar turbini) , 2000 m3 həcmə malik çirkli su çəni və 750 m3 həcmə malik təmiz su bakı, sahil stansiyası, kondensat nasosları, bəsləyici nasoslar, stansiyaya qaz verimi məntəqələri (qeyd edək ki, qazın təzyiqi 28 atmosferdir), eyni zamanda dispetçer məntəqəsi və s. mövcüdur.
Direktor və növbə rəisi tələbələrin bütün suallarını cavablandırdılar.
Sonra nümayəndə heyətimizi 330/220/110 kV-luq Yaşma yarımstansiyasında yarımstansiyanın rəisi Salman Qafarov qəbul etdi. Görüşdə rəis tələbələrin stansiya ilə bağlı məlumat verdi. Bildirdi ki, 330/220/110 kV-luq yarımstansiyanın birinci növbəsi 1971-ci ildə istifadəyə verilmişdir. O vaxt qoyulan 1-ci yarımstansiyanın gücü 200 MVA olmaqla 220 kV-luq Yaşma EVX ilə 220 kV-luq Xırdalan yarımstansiyası ilə 110 kV tərəf isə 1-ci və 2-ci Siyəzən HX-ri ilə Azərbaycanın şimal zonasını, 5,6,7-ci 110 kV HX ilə 2 №-li Sumqayıt İEM ilə əlaqələndirilmişdir. Ümumiyətlə, bu yarımstansiya qovşaq tipli yarımstansiyadır. 1977-ci ildə yarımstansiyanın 2-ci növbəsi işə vurulmuş, gücü 220 MVA olan 2-ci transformator 330 kV-luq Dərbənd HX və 330 kV-luq 4-cü Əli Bayramlı (İndiki Şirvan) HX istifadəyə verilmişdir. Bununla Azərbaycan Enerji Sistemi Rusiyanın enerji sistemi ilə paralel işə başlamış, habelə Əli Bayramlı (Şirvan) DRES ilə əlaqə yaratmışdır.1982-ci ildə yarımstansiya genişləndirilmiş və gücü 200 MVA olan 330/220/110 3-cü transformator işə qoşulmuşdur. Bundan sonrakı illərdə sxemlərdə müəyyən dəyişikliklər aparılmışdır. Belə ki, 330 kV-luq 4-cü Əli Bayramlı (Şirvan) xətti, 500 kV-luq Abşeron yarımstansiyasında, 220 kV-luq Yaşma xətti isə 220/110 kV-luq sənaye qovşağı yarımstansiyası ilə əlaqələndirilmişdir. 110 kV-luq tərəfdə müəyyən dəyişikliklər olmuşdur. Belə ki, Şimal zonası istiqamətində 110 kV-luq Siyəzən yarımstansiyasına 2 ədəd 110 kV-luq HX və 110 kV-luq Sumqayıt-3 yarımstansiyasına 2 ədəd 110 kV-luq xətt çəkilmişdir. Yarımstansiyada son vaxtlar geniş yenidənqurma işləri aparılmış, 220 və 110 kV-luq tərəfdə yağ aşarları, 330 kV tərəfdə isə hava açarları eleqaz açarları ilə əvəz olunmuşdur. Daha sonradan Rusiya ilə paralelliyi təmin edən Dərbənd xətti 330 kV-lıq Xaçmaz yarımstansiyasına salınmışdır.Yarımstansiya qovşaq tipli olub, 330 kV tərəfdə Rusiya ilə paralel işləməni, 500 kV-luq Abşeron yarımstansiyası ilə əlaqəni, 220 kV tərəfdə sənaye qovşağı vasıtəsilə Sumqayıt Elektrik Stansiyası ilə əlaqəni, 110 kV tərəfdə isə məsul işlədiciləri elektrik enerjisi ilə təmin edib. Beləliklə, yarımstansiyanın ümumi gücü 640 MVA-dır. Hal-hazırda istifadəyə verilən və gücü 50 MVt olan Külək Elektrik Stansiyası Yaşma yarımstansiyasından Siyəzən yarımstansiyasına gedən 110 kV-luq hava xətləri vasıtəsilə enerji sistem ilə paralel işləyir.
Yarımstansiyanın rəisi Salman müəllim və İslam müəllim tələbələrin verdikləri bütün sualları dolğun cavablandırdılar. Yaşma 330/220/110 kV qovşaq tipli yarımstansiyaya gəzinti təşkil olundu.
Ekskursiyanın təşkili üçün tələbələrimiz Sumqayıt Dövlət Universitetinin rektoru professor E.Hüseynova, fakültə dekanı dosent T.Əhmədovaya, Yüksək gərginlik şəbəkəsinin direktoru X. Əhmədova və Sumqayıt elektrik stansiyasının direktoru M.Xeyirbəyova öz dərin təşəkürlərini bildirdilər.
Mətbuat xidməti