Sumqayıt şəhər prokuroru SDU-nun tələbələri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır və bununla əlaqədar olaraq, mütəmadi olaraq görüşlər təşkil edilir.
Noyabrın 13-də Sumqayıt şəhər prokuroru cənab Sərdar İmanov Sumqayıt Dövlət Universitetində tələbələrlə görüşdü.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra prokuror universitetlə yaxından tanış oldu və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxış keçirdi və xatirə kitabında ürək sözlərini qeyd etdi.
Prokuror cənab Sərdar İmanov tələbələrlə görüşdü.
Rektor professor Elxan Hüseynov Sumqayıt şəhər prokuroru cənab Sərdar İmanovu salamladı, universitetdə görməkdən məmnunluğunu ifadə etdi və Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirdi və bugünkü görüşün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dövlətin fəaliyyətində əhəmiyyətli roluna görə statusu konstitusiya normaları ilə nizama salınan prokurorluq yarandığı tarixdən indiyədək böyük etibar qazanıb. Ümummilli liderimiz Heydər Əliyevin dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılması, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşması və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır.
Rektor həmçinin son zamanlar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə aparılan yenidənqurma işlərindən və uğurlu islahatlardan söhbət açdı. Bildirdi ki, ölkəmizin inkişafı bilavasitə regionların tərəqqisidir. Bu gün elə bölgə yoxdur ki, orada yeni istehsal və xidmət sahələri yaradılmasın. Təbii ki, sürətli yüksəliş yolu keçən, dinamik inkişaf edən, abadlaşan ünvanlardan biri də Sumqayıtdır. Heydər Əliyevin zəngin dövlətçilik irsini sədaqətlə yaşadan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Sumqayıta göstərilən dövlət dəstəyi burada inkişafın yeni mərhələsinin əsasını qoydu. Prezident cənab İlham Əliyevin uğurlu iqtisadi və sosial siyasətinin nəticəsində Sumqayıt da bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə etdi. Cənab Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmaqla şəhərimiz son illər əsaslı tikinti və quruculuq meydanına çevrildi, şəhərimizə yeni nəfəs verdi.
Tədbirdə Sumqayıt şəhər prokuroru cənab Sərdar İmanov səmimi qarşılanmaya görə rektor professor Elxan Hüseynova, professor-müəllim və tələbə heyətinə dərin minnətdarlığını ifadə etdi. Cənab Sərdar İmanov qeyd etdi ki, Ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Bu gün Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısı nəticəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində işlər görülmüş, bu problemin aradan qaldırılması məqsədilə 2000-ci ildə "Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında" Fərman verilmiş, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qüvvəyə minmişdir. Bu qanunun əsas məqsədi korrupsiya yolu ilə hüquq pozuntularından yaranan nəticələrin müəyyənləşdirilməsi, qarşısının alınması, araşdırılması və aradan qaldırılması idi.
Elə bu gün Sumqayıt Dövlət Universitetində təşkil olunan görüşün keçirilməsində məqsəd məhz gənclər arasında maarifləndirmə işinin təşkili, eləcə də bir sıra problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir.
Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə edilən dəyişikliklər üzrə maarifləndirmə işinin davam etdirilməsi üçün gələcəkdə də mütəmadi olaraq görüşlər təşkil ediləcəyi vurğulandı.
Sonda isə mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti