Sumqayıt Dövlət  Universitetində  31 mart soyqırımının 97-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
  Əvvəlcə 31 mart soyqırımında həlak olanların ruhu bir dəqiqəlik  sükutla yad edildi. Tədbiri universitetin rektoru Elxan Hüseynov açaraq  bildirdi ki,  XX əsrin əvvəllərində  xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə  başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ,  Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə  soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı  dövrlərdə də davam etdirilmiş, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin  apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt  edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz  doğma torpaqlarından qovulmuşlar.
  Rektor qeyd etdi ki, ümummilli liderimiz  Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart  tarixli Fərmanı imzalamasından 17 il ötür. Həmin Fərmana əsasən, 31 mart - Azərbaycanlıların  soyqırımı günü elan olunmuşdur. Həmin sənədin ermənilər və onların tarixi  havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin  həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu  böyük və əhəmiyyətlidir. 
  Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın  ölkəmizə qarşı işğalçılıq siyasəti artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  də pislənilir, Azərbaycanın ədalətli mövqeyi dəstəklənir.
  Onu da vurğuladı ki,  gənclərin bu faciələr barədə, xalqımızın  başına gətirilən soyqırımı aktları ilə bağlı mütləq məlumatlı olmasının və bu  istiqamətdə tariximizi daha dərindən öyrənməsi  üçün bu gün dərslərin ilk saatı 31 Mart Azərbaycanlıların  soyqırımı gününə həsr olundu. Dəyərli ziyalılarımızın qələmə aldığı tarixi həqiqətlər  Sumqayıt Dövlət Universitetinin saytında öz əksini tapmışdır. Həmçinin  universitetin professoru Aslan Bayramovun   “Tarixi faciələrimiz: Deportasiya, Repressiya və Soyqırımı” dərs vəsaiti  nəfis şəkildə çap edilmişdir. Kitabdan bakalavr, magistr və doktorantlar, eləcə  də müəllimlər dərs vəsaiti kimi faydala bilərlər.
Azərbaycan tarixi  kafedrasının müdiri, dosent Əmirxan İsayev erməni millətçiləri tərəfindən  xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi  olduğunu vurğuladı, Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülüb yerləşdirilərək,  demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı  əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınların törədilməsi  haqqında geniş məlumat verdi, xalqımıza qarşı təcavüzün bu gün də davam etdiyini,  onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü göstərdiyini  qeyd etdi.
Professor Aslan Bayramov, Tarix  fakültəsinin II kurs tələbəsi İbrahim Zeynallı, şair Əvəz Mahmud Lələdağ  və başqaları öz çıxışlarında ermənilərin dəhşətli  əməllərinin bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymət verilməsi istiqamətində  səylərin artırılmasının əhəmiyyətini vurğuladı, bu siyasətin hazırda da davam  etdiyini və dünya ictimaiyyətinin soyuq münasibətini qeyd etdilər.
Mətbuat xidməti