Elmi Şuranın genişləndirilmiş iclası keçirildi
Noyabrın 27-də Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Elmi Şuranın iclasına universitetin bütün kafedra və şöbə müdirləri dəvət olunmuşdur.
Universitetinin rektoru professor Elxan Hüseynov iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat verdi və gündəlik təsdiq olundu.
Öncə rektor professor Elxan Hüseynov, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2019-2023-cü illər üçün Azərbaycan Respublikası Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı”nın həyata keçirilməsi ilə əlaqədar məsələlərin Rektoratın 23.11.2018-ci il tarixli iclasında aparılan müzakirələri bir daha iclas iştirakçılarının nəzərinə çatdırdı və bununla əlaqədar olan məsələlərin diqqət mərkəzində saxlanılması, ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili üzrə ciddi iş aparılması uyğun struktur rəhbərlərinə tapşırıldı və bununla əlaqədar Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovun rəhbərliyi ilə komissiya yaradıldığını diqqətə çatdırdı.
Sonra gündəlikdə olan məsələlər müzakirə olundu.
Diferensial tənliklər və optimallaşdırma, Azərbaycan və Şərqi Avropa xalqları tarixi, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedralarında elmi-tədqiqat işlərinin planlaşdırılmasının və yerinə yetirilməsinin vəziyyəti haqqında dosent Sabir Xəlilov, Kafedralarda keçirilmiş açıq dərslərin nəticələri barədə Tədris-metodiki şuranın sədri dosent Musa Mustafayev, Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov geniş məruzə ilə çıxış etdilər.
SDU əməkdaşlarının “Azərbaycan universitetlərində Keyfiyyətə Təminat Məzkəzlərinin yaradılması və inkişaf etdirilməsi” ERASMUS+EQAS layihəsi çərçivəsində Litva Respublikasının Tətbiqi Sosial Elmlər Universitetində keçirilən təlimlərdə iştirakları barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov hesabat verdi. Bildirdi ki, bir qrup əməkdaşımızla birgə Litvanın Vilnüs şəhərində Erasmus+ EQAC “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihə çərçivəsində noyabrın 4-dən 11-dək keçirilən təlimlərdə iştirak etdik. Təlimin məqsədi Litvada Ali təhsilin qiymətləndirilməsi ilə bağlı metodologiya ilə tanışlıq, bu metodologiyanın Azərbaycanın ali təhsil sisteminə tətbiqi və imkanları, Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırlmasıdır. Tədbirin qalan hissəsi SMK Sosial Tətbiqi Elmlər Universitetində “QPR- Keyfiyyət prosesinin nəticəsi proqram təminatı” adlı təlimlərlə davam etdirildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar elmi katib prof. M.Səmədov məlumat verdi. Qeyd olundu ki, Elmi Şuraya təqdim olunan vəsaitləri SDU-nun Redaksiya və nəşriyyat şurasının uyğun bölmələrində baxılır və ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilir, Fənn proqramları isə Tədris-metodiki şuranın iclasında müzakirə olunub müsbət rəylə Elmi Şuraya tövsiyə edilir.
Sonra Biologiya və onun tədris metodikası kafedrası üzrə dosent elmi adı almaq üçün iddiaçı X.Ə.Həsənovun sənədlərinə baxıldı və aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərara alındı.
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
Mətbuat xidməti