SDU-da “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
Dekabrın 4-də Sumqayıt Dövlət Universitetində keçirilən “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Beynəlxalq elmi konfransda respublikamızda fəaliyyət göstərən alimlər və mütəxəssislərlə yanaşı, xarici ölkələrin: Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının bir sıra nüfuzlu ali məktəblərinin alimləri də iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, milli mədəniyyətlərin inkişaf perspektivlərinin, ümumdünya mədəni proseslərin, mədəniyyətlər arasındakı münasibət və əlaqələrin öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edən məsələlər olmuşdur. Lakin xalqlar, dövlətlər, ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə genişlənməsi, qloballaşma və inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə səciyyələnən müasir dövrümüzdə bu məsələlər daha da aktual xarakter daşımağa başlamışdır. Dövrümüzün çağırışları və beynəlxalq münasibətlərdə baş verən köklü dəyişikliklər milli mədəniyyətlər qarşısında bir sıra yeni həlli vacib məsələlər qoyur. Milli mədəniyyətlərin, milli mənəvi dəyərlərin gələcək taleyi indi bütün bəşəriyyəti düşündürən problemlərdən birinə çevrilmişdir. Dünya qloballaşdıqca ayrı-ayrı xalqların ədəbi-bədii irsində qarşılıqlı təsirlər, ortaq ideyalar meydana çıxır. Bu baxımdan millətlərarası dialoqun formalaşmasında, xalqlar arasında əmin-amanlıq və sülhün inkişafında bədii ədəbiyyatın da öz payı vardır. Müstəqillik dövründə yalnız siyasi, iqtisadi ideoloji sahələrdə deyil, ədəbi-bədii, mədəni-mənəvi sahələrdə də azərbaycançılıq ideyaları öz təcəssümünü tapmışdır. Ümummilli lider Heydər Əliyev milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının huquqlarının qorunmasının təminatçısı idi. Rektor onu da qeyd etdi ki, xalqımızın milli inkişafında, özünü tanıtmasında ədəbi fikrin və milli folklorun böyük təsiri olmuşdur. Bu baxımdan xalqın həyata və dünyaya baxışı, milli xarakteri bədii əsərlərdə və şifahi ədəbiyyatda öz əksini tapmışdır. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı ziddiyyətli, eyni zamanda şərəfli yol keçərək, əlaqələrin saxlanılmasında başlıca rol oynayıb. Ümid edirəm ki, keçirdiyimiz bu konfrans əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcək.
Rektor konfransa 330-dan çox tezis daxil olduğunu, onlardan 284-ün qəbul edildiyini, tezislərdən 224-ün respublikanın müxtəlif təhsil və elmi-tədqiqat müəssisələrindən, 60-ı isə xarici ölkələrdən, o cümlədən, Rusiya Federsiyasından (Dağıstandan, Karaçay-Çərkəzdən, Başqırdıstandan), Türkiyədən, Belarusiyadan, Türkmənistandan, Özbəkistandan, Ukraynadan, Gürcüstandan, İrandan qəbul olunduğunu diqqətə çatdırdı və konfransın işinə uğurlar arzuladı.
Konfransda professorlar: İfrat Əliyeva, Cəlil Nağıyev çıxış edərək müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan söhbət açdılar. Bildirdilər ki, keçirilən bu konfrans gələcək nəsillərin Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə olacaq.
Sonra Beynəlxalq elmi konfrans çərçivəsində Ankara Hacettepe Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalandı.
SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Dünya xalqlarının yaradılış mifləri Nizami Gəncəvinin yaradıcılığında”, Hacəttəpə Universitetinin professoru Akalın Şükrü Haluk “Mikayıl Müşfiqin söz dünyası: Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrin bir nümunəsi kimi” SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Dünya ədəbiyyatında demon obrazı”, Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru İmperiyat Xalipayeva “Dastanın interpretasiya xüsusiyyətləri və mifoloji haşiyə (Mikayıl Baştunun “Şan qızı haqqında dastan”ının materialları əsasında)”, SDU-nun Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova “Qloballaşma və ədəbiyyat: qarşılıqlı təsirlər” mövzularında məruzə ilə çıxış etdilər. Qeyd etdilər ki, çoxəsrlik Azərbaycan ədəbiyyatı daim insanlığı uca tutmağı, birgəyaşayışa ehtiram bəsləməyi, cəmiyyətdəki münasibətləri tarazlamaqla dialoqa və həmrəyliyə əsaslanmağı təbliğ etmişdir. Bütün bunlar öz növbəsində Azərbaycan ədəbiyyatında milli dəyərlərlə yanaşı, bəşəri meyarları da qüvvətləndirmişdir. Bu yolla ədəbiyyat cəmiyyətin inkişafında harmoniyanın rolunu, zəruriliyini diqqət mərkəzinə çəkmişdir.
Konfrans işini iki gün ərzində bölmələr üzrə davam etdirəcək. Qeyd edək ki, konfransa daxil edilmiş tezislər konfrans materialları toplusu şəklində nəşr olunmuşdur.
Mətbuat xidməti