Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Prezidentinin güclü siyasi liderliyi Qoşulmama Hərəkatına beynəlxalq nüfuz qazandırıb
Azərbaycan Prezidentinin güclü siyasi liderliyi Qoşulmama Hərəkatına beynəlxalq nüfuz qazandırıb
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibi oldu. Ölkəmizin bu təşkilata verdiyi töhfə nəzərə alındı və üzv dövlətlərin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddəti 2023-cü ilə qədər uzadıldı. Əminliklə demək olar ki, Azərbaycanın rəhbərliyi ilə Qoşulmama Hərəkatı yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev 2019-cu ildən Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüslərlə çıxış etdi və bu təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, eləcə də müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, eyni zamanda bu dövrdə təşkilatın fəaliyyətində böyük bir canlanma baş verib. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bir çox mühüm məqamlara toxunub. Dördüncü ilinə qədəm qoyan Azərbaycanın sədrliyi dövründə atılan addımların xronologiyasına diqqət yetirdikdə Qoşulmama Hərəkatının nüfuzunun, dünya siyasətində yerinin və mövqeyinin güclənməsinin əsas hədəf olduğunu görməmək mümkün deyil. Məhz buna görə də Prezident İlham Əliyev BMT sistemində islahatların vacibliyi məsələsini qaldıraraq, dünya düzəninin yenidən qurulduğunu böyük inamla bəyan etdi. İndi bəşəriyyət “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəal təbliğatı dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz sədrlik gündəliyini çevik və operativ şəkildə yeni reallıqlara uyğunlaşdırdı. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti, siyasi iradəsi də mühüm rol oynayıb.
Pandemiyanın görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı bir vaxtda Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin aradan qaldırılması üçün beynəlxalq həmrəylik və əməkdaşlığı təşviq edən ilk ölkələrdən biri oldu. Belə ki, dünya ictimaiyyətini pandemiya ilə mübarizəyə səfərbər edən məhz Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı oldu. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü keçirildi.
Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla keçirildi. Bu xüsusi sessiya pandemiya ilə mübarizədə ən qlobal tədbir hesab olunur. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha dünyaya sülh mesajları verdi. Azərbaycan uzun illər, hətta bu gün də ikili standartlar siyasətindən, haqsızlıqdan əziyyət çəkən ölkə kimi çalışır ki, dünyada ədalət bərpa edilsin. İmperialist və müstəmləkəçi siyasət yürüdən ölkələr bu siyasətdən əl çəkməlidir: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Beləliklə, beynəlxalq siyasətin dərin bilicisi olan dövlətimizin başçısı bir daha diplomatik məharətlə dünyanı narahat edən məsələləri gündəmə gətirdi. Bildirildi ki, xoşagəlməz halların aradan qaldırılması üçün beynəlxalq təşkilatlar mütləq öz fəaliyyətlərini təkmilləşdirməli, dünya dövlətləri öz məsuliyyətlərini artırmalıdırlar. Qeyd edək ki, ölkəmizin bu təşkilata effektiv sədrliyi və səmərəli əməkdaşlıq şəbəkəsinin qurulması bir daha onu deməyə əsas verir ki, Azərbaycan vacib və etibarlı tərəfdaşdır.
 
Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Mühəndislik fakültəsinin II kurs magistrantı
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az